EN

"Qafqazda yeni səhifə: Bakı və İrəvan vasitəçilərsiz sülhə doğru" - Qərb mətbuatı

"Bu dəfə Qafqazda qərarı başqaları yox, region ölkələrinin liderləri verir, bunun özü tarixi irəliləyişdir..."

2025-ci il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında dörd saatdan çox davam edən birbaşa danışıqlar keçirilib. Bu görüş bütün dünyada böyük əks-səda doğurub, Qərbin nüfuzlu KİV-lərində geniş işıqlandırılıb.

Moderator.az xəbər verir ki, bu barədə BBC və "Deutsche Welle" nəşrlərində analitik məqalələr dərc edilib.

Bu görüş tərəflərin uzun illər yalnız vasitəçilərin iştirakı ilə ünsiyyət qurduqları bir kontekstdə ilk vasitəçisiz və açıq dialoq olub. Bu fakt təkcə regional diplomatiyada yox, eyni zamanda Qafqazın geosiyasi gələcəyi baxımından da əhəmiyyətli bir dönüş nöqtəsi kimi qiymətləndirilir.

30 illik münaqişədən sonra yeni səhifə

Onilliklər boyu davam edən Qarabağ münaqişəsi artıq faktiki olaraq başa çatıb. 2020-2023-cü illərdə Azərbaycan öz suveren ərazisi olan Qarabağ üzərində tam nəzarəti bərpa edib. Separatçı rejim süqut edib, Ermənistan bu regiona dair iddialarından açıq şəkildə imtina edib. 2024-cü ilin iyununda isə bölgəni tərk edən Rusiyanın son "sülhməramlıları" ilə birlikdə Moskvanın buradakı real təsiri də tarixin arxivinə gömülüb.

Danışıqların əsas mövzuları və razılaşmalar

Əbu-Dabidə keçirilən görüş zamanı tərəflər bir sıra əsas məsələləri müzakirə edib:

  •  Sərhədlərin dəqiqləşdirilməsi - tərəflər delimitasiya üzrə praktiki işlərin davam etdirilməsi barədə razılığa gəlib, bu istiqamətdə müvafiq komissiyalara tapşırıq verilib.
  •  Kommunikasiyaların açılması - Azərbaycan Naxçıvanla quru bağlantının yaradılmasında israrlıdır. Ermənistan isə bu marşrutun öz suverenliyinə xələl gətirməyəcək formada təşkilini təklif edir.
  •  Etimad tədbirləri - gələcəkdə davamlı sülh üçün inam mühiti yaradılması məqsədilə ikitərəfli tədbirlərin davam etdirilməsi razılaşdırılıb.

Görüşün yekununda hər iki ölkənin Xarici İşlər Nazirlikləri eyni mətnli bəyanat yayaraq, yalnız ikitərəfli formatın - vasitəçilərsiz dialoqun normallaşma prosesi üçün ən effektiv yol olduğunu təsdiqləyib.

Sülh müqaviləsi hələ imzalanmayıb, amma razılaşdırılıb

Bakı ilə İrəvan arasında mart ayında texniki olaraq razılaşdırılmış sülh sazişi hələ imzalanmayıb. Ermənistan XİN  nümayəndəsi Ani Badalyan Əbu-Dabi görüşünü "uğurlu" adlandıraraq, onun sülh prosesinin gələcək inkişafı üçün "ciddi əsas" ola biləcəyini bildirib.

Əsas maneə Ermənistan Konstitusiyasında Qarabağa dolayısı ilə istinad edən müddəaların olmasıdır. Azərbaycan bu müddəaların ləğvini tələb edir. Paşinyan alternativ yollar, məsələn, sülh sazişinə konstitusiyadan üstün hüquqi status verilməsi kimi çıxış yolları təklif edir. Amma bu dəyişikliklərin hüquqi proseslər baxımından zamana ehtiyacı olduğu etiraf olunur.

Rusiya prosesdən kənarda qalır

Analitiklərin fikrincə, Əbu-Dabidəki görüş yalnız Azərbaycan və Ermənistan arasında deyil, həm də Cənubi Qafqazın gələcəyinə dair böyük bir geosiyasi mesajdır - Rusiya bu prosesdən kənarda qalıb. Ermənistan artıq Moskvanı öz təhlükəsizliyinin zəmanətçisi hesab etmir, Azərbaycan isə Moskva ilə münasibətlərdə suverenlik məsələsində qətiyyətli mövqe sərgiləyir. Artıq nə Rusiya FTX-nın gömrük və sərhəd nəzarətində iştirakı, nə də Rusiyanın  hərbi iştirakı gündəmdədir. Əvəzində isə Birləşmiş Ştatlar, Avropa İttifaqı və Türkiyə sülh təşəbbüslərini dəstəkləyən əsas xarici aktorlara çevrilib.

Qarabağ separatçıları tarixdə qaldı

Görüşün diqqətəlayiq cəhətlərindən biri də Qarabağ məsələsinin heç müzakirə predmetinə çevrilməməsidir. Bu, Ermənistanın faktiki olaraq həmin ərazi üzərində iddialarından tam və dönməz şəkildə imtina etdiyini göstərir. Analitiklər bunu Azərbaycan diplomatiyasının və hərbi gücünün nəticəsi kimi dəyərləndirir.

Sülh, nəqliyyat və iqtisadi inteqrasiya

Azərbaycan "Zəngəzur dəhlizi" ideyasını gündəmdə saxlayır, Ermənistan isə bu layihəyə "Sülh kəsişməsi" adlı alternativ konsepsiya ilə cavab verir,  məqsəd - regional ticarət və nəqliyyat bağlantılarını genişləndirmək, Bakı ilə İrəvan arasında qarşılıqlı asılılığı təşviq etməkdir. Əgər bu kommunikasiyalar Moskvanın iştirakı olmadan açılarsa, bu, təkcə Ermənistanla Azərbaycan arasında yox, həm də bütün regionda yeni geosiyasi nizamın formalaşması demək olacaq.

Vasitəçilərsiz dialoq real irəliləyişin əsasıdır

Əbu-Dabi görüşü konkret müqavilə ilə nəticələnməsə də, vasitəçilərsiz birbaşa dialoq formatının qurulması özü-özlüyündə böyük bir irəliləyişdir. Qərb və Türkiyə bu formatı dəstəkləyir, Moskva isə prosesin kənarında qalıb. Qarabağ üzərində tam nəzarəti bərpa etmiş Azərbaycan artıq Ermənistanla sülhü dikte etməyə deyil, qarşılıqlı anlaşmaya əsaslanan sabit gələcək qurmağa çalışır. Sülh müqaviləsi imzalanacaqmı? Tarix bu sualın cavabını verəcək. Amma bu dəfə Qafqazda qərarı başqaları yox, region ölkələrinin liderləri verir. Bunun özü tarixi irəliləyişdir.

Chosen
36
45
moderator.az

10Sources