EN

PKK silahı yerə qoydu: Proses necə davam edəcək? -AÇIQLAMA

Xəbər verdiyimiz kimi, PKK terror təşkilatı bu gün silahları təhvil verməyə başlayıb. Artıq PKK terror təşkilatının bir qrupu İraqın Süleymaniyyə bölgəsində tərksilah olub, silahlar yandırılıb.

PKK-nın tamamilə tərksilah olmasından sonra hansı proseslər baş verəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, PKK terror təşkilatının silahı yerə qoyması "Terrorsuz Türkiyə" prosesinin mühüm mərhələsidir:

"PKK lideri Abdullah Öcalan həbsxanadan öz tərəfdarlarına müraciət edərək silahı yerə qoymalarını istəyib. Bu, əlbəttə ki, müsbət addım kimi qiymətləndirilir. İndiyədək toplanmış və gələcəkdə təhvil veriləcək silahların məhv edilməsi ölkədəki ümumi təhlükəsizlik mühitinə də müsbət təsir göstərəcək. Bütün bu proseslər Türkiyə Respublikasının Milli İstihbarat Təşkilatının (MİT) nəzarəti altında həyata keçiriləcək. Silahlarını könüllü şəkildə təhvil verən şəxslər müəyyən hallarda cinayət məsuliyyətindən azad ediləcəklər".

Polkovnikin sözlərinə görə, prosesi sabotaj etmək istəyən qrupların olması da istisna deyil.

"Prosesin ilk mərhələsi İraq ərazisindən başlayıb, daha sonra isə Suriya ərazisində mərhələli şəkildə davam etdiriləcək. Hazırda PKK-nın 5 minə yaxın üzvü həbsdədir və onların hüquqi statusuna da yenidən baxılması nəzərdə tutulur. Yəqin ki, müəyyən şərtlərlə onların cəzalarının yüngülləşdirilməsi gündəmə gələcək. Proses çərçivəsində təşkilata cəlb olunmuş və zorla silahlandırılmış azyaşlıların cəmiyyətə inteqrasiyası məsələləri də Türkiyə dövləti və müvafiq qurumlar tərəfindən həyata keçiriləcək. Bütün bu proseslər həm ölkədaxili sabitliyin bərpasına, həm də Türkiyənin daxili siyasətində daha sağlam bir mühitin formalaşmasına xidmət edəcək", - deyə Ü.Cəfərov vurğuladı.

Nuriyyə NATİQQIZI

Chosen
17
1
redaktor.az

2Sources