EN

“Sənət və duyğu harmoniyasının təbliği” layihəsiuşaqların psixoloji rifahına töhfə verir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyi tərəfindən icrasına başlanılmış "Sənət və duyğu harmoniyasının təbliği" adlı sosial-psixoloji yönümlü layihə uğurla davam edir. Layihə çərçivəsində Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində art-terapiya məqsədli rəsm kursları təşkil olunur. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji rifahının yaxşılaşdırılması, onların emosional inkişafının dəstəklənməsi, duyğularını ifadə etmək bacarıqlarının artırılması və şəxsiyyət kimi formalaşmalarına incəsənətin müalicəvi gücü ilə dəstək verməkdir. "Duyğulara sənətlə toxunuş" devizi ilə həyata keçirilən bu təşəbbüs incəsənətin uşaqların daxili dünyasına işıq salmaq imkanlarını üzə çıxarır. "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri Lamiyə İsazadənin rəhbərliyi ilə həyata keçirilən bu layihə, eyni zamanda cəmiyyətin bu kateqoriyadan olan uşaqlara olan diqqət və qayğısının təcəssümüdür. Layihənin psixoloji dəstək hissəsi "Serotonin" Neyropsixoloji Mərkəzinin əməkdaşı, təcrübəli psixoloq Alsu Süleymanova tərəfindən həyata keçirilir. Uşaqlarla qrup və fərdi yanaşma əsasında aparılan məşğələlər onların psixi və emosional vəziyyətlərini nəzərə alaraq qurulur. Psixoloqun sözlərinə görə, incəsənət yönümlü terapiya metodları uşaqların daxilində yığılan stressi atmaq, özlərini ifadə etmək, sosial bacarıqlarını artırmaq və travmalarla başa çıxmaq baxımından mühüm əhəmiyyət daşıyır. Rəsm dərsləri isə Gəncə Dövlət Universitetinin təsviri incəsənət müəllimi Nəzrin Ağayeva tərəfindən aparılır. O, uşaqlara müxtəlif rəssamlıq texnikaları öyrədir, fərdi və qrup şəklində yaradıcılıq tapşırıqları verir. Bu məşğələlər zamanı uşaqlar rənglər vasitəsilə daxili hisslərini ifadə edir, eyni zamanda estetika duyumu və diqqət mərkəzləşməsi kimi bacarıqlarını inkişaf etdirirlər. Layihə çərçivəsində təşkil edilən beşinci dərs "Art-terapiya ilə diqqət dağınıqlığının aradan qaldırılması" mövzusuna həsr olunmuşdur. Məlumdur ki, diqqət insanın şüurlu fəaliyyəti üçün əsas baza funksiyalardan biridir. Diqqətin çatışmazlığı isə xüsusilə uşaqlarda öyrənmə, qavrama və sosial münasibətlərdə ciddi çətinliklər yarada bilər. Məhz bu səbəbdən art-terapiyanın diqqətin inkişafında rolu mühüm əhəmiyyət kəsb edir. Dərs zamanı hiperaktivlik və diqqət cəmləşdirmə problemi olan uşaqlarla boyama fəaliyyətləri aparılmış, onların diqqətini çəkdikləri rəsmlərə yönəltmək üçün fərqli təsviri sənət metodlarından istifadə olunmuşdur. Məşğələlər zamanı uşaqlara diqqəti saxlamaq, təlimata uyğun işləmək, detallara fokuslanmaq bacarığı aşılanmışdır. Nəticədə, iştirakçılar həm öz daxili dünyalarına səyahət etmiş, həm də gündəlik həyat fəaliyyətlərində qarşılaşdıqları diqqət pozuntularını aradan qaldırmaq istiqamətində ilk addımlarını atmışlar. Qeyd edək ki, layihə çərçivəsində  keçirilən növbəti dərslərdə  uşaqların yaradıcılıq potensialının daha da üzə çıxarılması, fərdi bacarıqlarının inkişafı və sosiallaşma səviyyələrinin artırılması istiqamətində onlara dəstək göstəriləcəkdir. Bu təşəbbüs göstərir ki, dövlət və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq nəticəsində uşaqların həyatında müsbət dəyişikliklər yaratmaq, onlara sevgi və diqqət bəxş etmək mümkündür. "Sənət və duyğu harmoniyasının təbliği" layihəsi cəmiyyətin ən həssas təbəqələrindən olan kimsəsiz uşaqlar üçün həm psixoloji dəstək, həm də mənəvi dayaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
2
olaylar.az

3Sources