Bitkoin (BTC) 118.000 dollar həddini keçib.
Valyuta.az xəbər verir ki, artım dalğası ikinci gün də davam edir, bazarda həm fərdi, həm də institusional investorların hərəkətliliyi hiss olunur.
Qiymətlərin qalxmasına səbəb nədir?
Bu dəfəki yüksəliş tək bir amillə yox, bir neçə ciddi səbəblə əsaslanır. İlk olaraq, ABŞ-də keçirilən "Kripto Həftəsi" və iri şirkətlərin bitkoini xəzinə ehtiyatlarına daxil etməsi bazara təkan verib. Bu proses investorlar üçün "artıq bu oyun ciddidir" mesajı verir.
Eyni zamanda spot bitkoin ETF-lərinin bazara daxil olması böyük pulların – institusional vəsaitlərin daha rahat şəkildə bazara girməsinə şərait yaradıb. Əvvəlki dövrlərdə bu tip tənzimlənmiş alətlər yox idi.
Opsion bazarındakı hədəflər də artımın davamına işarə edir. “Deribit” birjasında 115.000 və 120.000 dollar civarındakı alım opsionlarına maraq artıb, uzunmüddətli opsionlarda isə hədəflər 140.000–150.000 dollar səviyyəsindədir.
Kriptovalyuta məlumat platforması "CoinGlass" bildirir ki, yalnız son 1 saatda 543 milyon dollar, son 12 saatda isə ümumilikdə 762 milyon dollar qısa mövqe likvidasiya olunub. Bu da qiymət artımını daha da sürətləndirib.
Bazar göstəriciləri də artımı dəstəkləyir. Fonlama faizləri müsbət, investor əhval-ruhiyyəsi yüksəlib. Bu da o deməkdir ki, qısa müddətdə satış təzyiqi azalıb.
Ekspertlər bildirirlər ki, bitkoin artıq daha yetkin və sabit bir aktivə çevrilməkdədir. Volatillik əvvəlki illərlə müqayisədə daha aşağıdır, amma hələ də kəskin hərəkətlər mümkündür. Ən əsası isə budur: artım təkcə fərdi deyil, institusional marağın da məhsuludur.
Sərvanə Rəmixanova