Günümüzün Azərbaycanda qadın olmaq - bir imtiyaz yox, çox zaman bir sınaqdır. Hər səhər evdən çıxan, bəzən heç çıxmağa macal tapmayan qadınlar var - qətlə gedən yolların səssiz yolçuları. Qadın qətllərinin artması cəmiyyətimizin illərlə danışmaqdan yayınmağa çalışdığı reallığını sərt və acı şəkildə üzümüzə çırpır. Hər il onlarla qadın - ana, bacı, həyat yoldaşı, övlad - ən yaxınları tərəfindən həyatından məhrum edilir. Qısqanclıq, nəzarət, “namus” pərdəsi altında gizlənən zorakılıq qadınların həyatına son qoyur. Elə bu yaxınlarda qaynatası tərəfindən qətlə yetirilən Güneli və balkondan yıxılaraq öldüyü deyilən 20 yaşlı Könülü də bariz nümunə göstəmək olar. Niyə qadının harayı adətlərin, stereotiplərin səssiz divarlarına çırpılıb geri qayıdır? Niyə bir qadının yaşamaq haqqı onun həyat yoldaşının emosiyasından aslı olmalıdır? Bu artan statistika yalnız say deyil, bizə sarsıdıcı suallar verir: neçə qadının qorunmağa ehtiyacı var idi? Neçə nəfər öz faciəsini səsə çevirə bilmədi? Neçə uşaq anasız böyüyəcək? Səssiz qalan cəmiyyət şərik olur. Qadının fəryadını eşitməyən qonşu, susan ailə üzvləri - hamısı bu cinayətlərdə bir növ pay sahibidir. Əgər bu cəmiyyət doğulan qıza sevinc yox, qorxu ilə baxırsa, bu dəyişməlidir. Əgər qadının həyatını dəyərsiz edən düşüncələr hələ də normal sayılırsa, bu dəyişməlidir. Bu yalnız hüquqi məsələ deyil - bu, vicdan, ədalət və insanlıq məsələsidir. Qadın yaşamalıdır - qorxaraq yox, azad və inamla. Qadın olmaq ölüm hökmü deyil. Bu ölkədə qadın olmaq gələcək deməkdir. O gələcəyin yaşaması üçün isə dəyişməkvə tez dəyişmək lazımdır. Qadın olmaq niyə bu qədər təhlükəlidir? Niyə biz bu xəbərləri oxuyanda təəccüblənmirik artıq? Niyə bir qadının öldürülməsi cəmi bir-iki gün danışılıb unudulan “adi xəbər”ə çevrilib? Bu susqunluq bizə baha başa gəlir. Qohumlar "ağsaqqallar həll edər" düşüncəsi ilə səssiz qalır. Amma cinayət susanda baş verir. Qadının qışqırığı eşidilməyəndə, həyatına qəsd edilən anı biz artıq geri qaytara bilmirik. Media bu qadınları tanıdır - amma yalnız öldürüldükdən sonra. Biz qadının qəhrəmanlığını yalnız o, qətlə yetiriləndə xatırlayırıq. Halbuki onların yaşaması, uğur qazanması, azad şəkildə yaşaması bizim gündəmimiz olmalıdır. Qadınlar yaşamaq istəyir - təzyiqsiz, təhdidsiz, zorakılıqsız. Bu, onların haqqıdır.