EN

Məryəm Məcidova: Qız uşaqlarına qarşı stereotiplər ailələrin seçimlərinə təsir edir

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycanda selektiv abort hallarının əsas səbəblərindən biri ailələrdə hələ də mövcud olan sosial və mədəni stereotiplərdir. Oğlan uşaqları ənənəvi olaraq varis, ailənin təminatçısı və nəsil davamçısı kimi qəbul edilir. Bu düşüncə, xüsusilə, kənd yerlərində daha güclü hiss olunur.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın üzvü Məryəm Məcidova bu gün Bakıda keçirilən 11 İyul - Ümumdünya Əhali Gününə həsr edilmiş müzakirə zamanı bildirib.

O vurğulayıb ki, qızların ərə getdikdən sonra “başqa ailəyə keçməsi” anlayışı valideynlərdə iqtisadi və psixoloji narahatlıq yaradır. Nəticədə bəzi ailələr qız övladına sahib olmaq istəmir. Bu da cinsə görə abortlara gətirib çıxarır. “Bu kimi dərin köklü sosial stereotiplərlə mübarizə yalnız qanunvericiliklə deyil, eyni zamanda, təhsil və ictimai maarifləndirmə vasitəsilə aparılmalıdır. Gender bərabərliyinin təbliği bu istiqamətdə əsas strategiyalardan biri ola bilər”, - deyə o diqqətə çatdırıb.

Chosen
12
azertag.az

1Sources