EN

Valideynlər üçün xəbərdarlıq: Bu əlamətlərə diqqət!

Uşaqlarda ürək xəstəlikləri doğuşdan və ya sonradan yaranmış səbəblərlə ortaya çıxa bilər. Doğuşdan gələn ciddi ürək problemləri (məsələn, ürəkdə dəlik, qapaq darlığı, struktur anomaliyalar) adətən həyatın ilk 6 ayı ərzində nəfəs darlığı, tez yorulma, tərləmə, kilo ala bilməmə və göyərmə kimi əlamətlərlə özünü göstərir.


Pravda.az bildirir ki, bəzi hallarda isə simptomlar yaş artdıqca ortaya çıxır. Bu zaman tez yorulma, döyüntü hissi, tez-tez infeksiya, ödəm və çəki problemi kimi şikayətlər müşahidə oluna bilər. Sonradan qazanılmış ürək xəstəlikləri isə (romatizmal atəş, miokardit, Kawasaki xəstəliyi və s.) ürək fəaliyyətinə təsir etmə dərəcəsinə görə əlamətlər verə bilər.


Uşaqlarda ürək xəstəliklərindən şübhələnməyə əsas səbəblərdən biri müayinədə üfürüm eşidilməsidir. Hər iki uşaqdan birində rast gəlinən bu üfürümlərin çoxu "adi üfürüm" sayılır və heç bir təhlükə daşımır. Lakin bəzi hallarda bu, daha ciddi bir problemin xəbərçisi ola bilər.


Riskli hamiləliklərdə (məsələn, şəkərli diabeti olan ana, yaşlı hamiləlik, süni mayalanma) körpənin ürək quruluşu doğulmamışdan əvvəl – fetal exokardioqrafiya ilə qiymətləndirilə bilər.


Uşaq kardioloqu tərəfindən aparılan standart müayinələrə exokardioqrafiya, elektrokardioqrafiya və lazım gələrsə, 24 saatlıq ritm Holteri daxildir. Daha mürəkkəb hallarda ürək kateterizasiyası və anjiyografi tətbiq oluna bilər.


Valideynlərə tövsiyə olunur ki, uşaqlarında istər əlamət olsun, istərsə də sadəcə üfürüm eşidilsin, vaxt itirmədən uşaq kardioloquna müraciət etsinlər. Erkən diaqnoz və düzgün müalicə ilə uşaqlarda ürək xəstəliklərinin əksəriyyəti uğurla nəzarət altına alınır.


Əminə Bayramova 

Tarix: 11 İyul 2025, 11:14   
Chosen
7
2
pravda.az

3Sources