EN

Məsafə qısalır, çatdırılma sürətlənir, xərclər azalır

Bakı-Tbilisi-Qars dəmir yolu Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat arteriyasına çevrilir

Müasir dövrdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını yenə də qoruyub saxlayır. Xüsusən qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir. 

Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Azərbaycan qısa zaman ərzində nəqliyyat infrastrukturunu getdikcə daha da möhkəmləndirərək, dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar yatırıb. Bu sərmayələr artıq ölkəmizə böyük iqtisadi və siyasi uğurlar gətirməkdədir. 

Bu gün Cənubi Qafqazın ən böyük və ən perspektivli dövləti sayılan Azərbaycan  regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaş hesab olunur.

Okeanlara çıxışı olmayan ölkənin yüksələn tranzit potensialı

Unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmır. 

Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən nəhəng qlobal layihələr ölkəmizin nəqliyyat qovşağına çevrilməsinə, tranzit potensialının güclənməsinə xidmət edir. Digər sahələrdə olduğu kimi, ölkə iqtisadiyyatında da əhəmiyyəti böyük olan nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür. Ölkəmizin daxilində həm müasir nəqliyyat infrastrukturu yaradılır, həm də tranzit potensialı gücləndirilir. 

Bəllidir ki, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı yoxdur. Bu səbəbdən də ölkənin bütün nəqliyyat, enerji, kommunikasiya xətləri başqa digər dövlətlərin ərazisindən keçməlidir. Buna nail olmaq üçün mütləq öncə qonşu dövlətlərlə və daha böyük coğrafiyanı əhatə edən ölkələrlə sıx dostluq münasibətləri yaradılmalıdır. 

İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində Azərbaycan Ermənistan istisna olunmaqla bölgədəki bütün dövlətlərlə çox yaxşı dostluq münasibətləri qurub. Bu münasibətlər sayəsində isə beynəlxalq layihələr gerçəkləşdirilib. İnfrastruktur obyektlərinin yaradılması, logistika sistemlərinin təkmilləşdirilməsi etibarlı və təhlükəsiz nəqliyyat sisteminin fəaliyyəti, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. 

Ölkəmiz həmçinin Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa dövlətlərini birləşdirən "Şərq-Qərb", həmçinin Pakistan, Hindistan, İran, Rusiya, Şimali Avropa ölkələrini qovuşduran "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin iştirakçısıdır. 

Ümumiyyətlə, bu nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq, görərik ki, bu, doğrudan da, genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır. 

Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdəki uğurlarını dəyərləndirərkən vurğulayıb ki, bu nəqliyyat bağlılığı, eyni zamanda mehriban qonşuluğa da gözəl şərait yaradır. Heç bir ölkə, əgər qonşularla yaxşı münasibətləri yoxdursa, heç vaxt etibarlı tranzit məntəqəsinə çevrilə bilməz. Ona görə Azərbaycanın enerji, nəqliyyat, infrastruktur layihələri ölkələr arasındakı əməkdaşlığı stimullaşdırır.

Nəzər yetirsək görərik ki, son 20 ildə Azərbaycanda çox müasir nəqliyyat infrastrukturu yaradılıb. Bunların sırasında 9 beynəlxalq hava limanı, ölkəmizi bütün qonşu ölkələrlə bağlayan 21 min kilometrdən çox avtomobil yolları, Xəzər hövzəsində böyük ticarət donanmas, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Bexnəlxalq Dəniz Ticarət Limanını göstərmək olar. 

Bu il may ayının 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev Azərbaycanın bu sahədə həyata keçirdiyi layihələrdən söz açaraq deyib ki, son illər ərzində ölkəmizdə nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.

Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil edib.

Orta dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb. Bu da onu göstərir ki, Azərbaycan Orta dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verir. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun imkanları genişləndirilir

Qitələrarası daşımalar üçün geniş imkanlar açan Bakı-Tbilisi-Qars dəmir yolu Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut hesab olunur. Bu yol yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verir. 

Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Bu il Azərbaycanla Çin arasında imzalanmış müxtəlif sazişlər onu deməyə əsas verir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin potensialı daha da gücləndiriləcək.

Prezident İlham Əliyevin aprelin 22-də Çinə dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub. Əməkdaşlığın əsas elementlərindən biri Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit əlaqəsi kimi qəbul etdiyi Orta dəhlizin inkişafıdır. Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Avropa marşrutu üzrə müntəzəm daşımalar çatdırılma müddətinin azaldılmasına və logistik həllərin şaxələndirilməsinə kömək edir. Səmərəli əməkdaşlığın nəticəsi olaraq 2024-cü ildə iki ölkə arasında dəmiryol nəqliyyatı ilə daşınan yüklərin həcmi 47 faiz artaraq 612 min ton təşkil edib. 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir.

Bu günlərdə "Azərbaycan Dəmir Yolları" QSC və "Çin Dəmir Yolları" Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, iki ölkə beynəlxalq nəqliyyat dəhlizlərinin və yükdaşıma əməliyyatlarının inkişafı üzrə fəal əməkdaşlıq edəcək. Bu sənəd Bakı-Pekin münasibətlərinə yeni dinamika qazandırmaqla yanaşı, Avrasiya boyunca fasiləsiz bağlantı üçün mühüm addım kimi qiymətləndirilir.

Sənəddə əsas diqqət Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gücləndirilməsinə yönəlib. İki qurum Türkiyəyə, ardınca Avropaya çıxış imkanı verən Bakı-Tbilisi-Qars marşrutu üzrə nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi barədə razılığa gəlib. Bu xətt vasitəsilə Çin istehsal mərkəzlərinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı daha da sürətlənəcək. Bundan başqa, tərəflər dəmir yolu və liman imkanlarının birgə inkişafı, Xəzər dənizi üzərindən konteyner daşımalarının genişləndirilməsi, gündəlik blok-qatarların sayının artırılması və 10 qatarın keçidinə nail olunması istiqamətində əməkdaşlığı dərinləşdirməyə razılaşıblar.

Artıq Bakı-Tbilisi-Qars bu hədəflər fonunda Şərqlə Qərbi birləşdirən, yüksək ötürmə qabiliyyətli strateji nəqliyyat arteriyasına çevrilməkdədir. Bu istiqamətdə mühüm işlər görülüb və proses davam etməkdədir. Belə ki, 2023-2024-cü illərdə ADY tərəfindən Orta dəhlizin vacib seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində modernləşdirmə işləri aparılıb. Bu, ölkəmizin tranzit potensialının artırılması və bütövlükdə Orta dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.

Onu da vurğulayaq ki, Çindən Orta dəhliz vasitəsilə iyulun 9-da Avropaya yeni yük qatarı marşrutu açılıb. Çinin qərbindəki ən iri 2 şəhəri olan Çendu və Çonçindən yükləri götürən ultraekspres blok-qatarı Sincan Uyğur Muxtar Rayonundakı Horqos terminalından Qazaxıstana keçəcək. Kommunikasiya avadanlığı, avtomobil hissələri və digər mallarla yüklənmiş qatar Orta dəhlizlə yolunu davam edərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək yükləri Avropa ölkələrinə çatdıracaq.

Bu, son 10 gün ərzində Çindən Orta dəhliz vasitəsilə Avropaya açılan 2-ci yük qatarı marşrutudur. İyunun 30-da paytaxt Pekindən Avropaya ilk yük qatarı yola salınıb. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzrə hərəkət edən qatarın yola düşəndən 15 gün sonra Bakıya çatması gözlənilir. Qatar ənənəvi dəniz yolu ilə müqayisədə yükləri Bakıya 30 gün daha tez çatdıracaq. Qatardakı bəzi yüklər Bakıdan Gürcüstan, Türkiyə və Serbiyaya yola salınacaq.

Göründüyü kimi, Azərbaycan-Çin əlaqələrinin inkişafı həm də Avrasiyanın nəqliyyat əlaqəsinin gücləndirilməsinə və dayanıqlı logistika zəncirlərinin inkişafına mühüm töhfə verir. 

Bütün bunlar, əlbəttə ki, onu deməyə əsas verir ki, Azərbaycan Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilərək yeni təşəbbüslər irəli sürməkdə davam edir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"   

1Sources