EN

Keşikçidağda 3800 il yaşı olan döyüşçü kurqanı aşkarlanıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-5” layihəsi bu il də möhtəşəm elmi nəticələrlə yadda qalıb.

 
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, beş ildir fasiləsiz keçirilən və ölkədə arxeoloji sahədə ilk sistemli yay məktəblərindən biri olan bu layihə Azərbaycan arxeologiyasında unikal tapıntılarla zəngin ənənəyə çevrilib. Layihə zamanı 2000-ə yaxın iştirakçı arxeoloji qazıntı prosesində iştirak etmiş, ictimai və elmi maraq paralel şəkildə artmışdır. Elmi-arxeoloji tədqiqatların aparıldığı qazıntı sahəsini BDU Qazax filialının müəllim-tələbə heyəti, Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzinin magistrantları, bölgədə yerləşən qoruqların əməkdaşları, Ağstafa və Qazax Gənclər Evi Sosial Xidmət müəssisələrinin əməkdaşları və könüllüləri, bölgənin tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin tarix müəllimləri yaxından izləyib. Həmçinin layihə çərçivəsində bölgədə Orta Tunc dövrünə aid yeni kurqanın aşkarlanması və əldə olunmuş unikal maddi-mədəniyyət nümunələri öz arxeoloji əhəmiyyətinə görə fərqləndiyindən AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, dosent Fərhad Quliyev “Yovşanlıdərə” kurqanlarına səfər etmişdir. Səfər zamanı layihənin həyata keçirildiyi arxeoloji qazıntı sahəsində arxeoloqlarla fikir mübadiləsi aparılmış, “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-5” layihəsinin uğurla davam etdirilməsi və gələcəkdə yerli alimlərlə yanaşı, xarici mütəxəssislərin də layihəyə cəlb edilməsi nəzərdə tutulub.

Layihə Ceyrançöl düzənliyində yerləşən və yerli əhali arasında “Yovşanlıdərə” adı ilə tanınan ərazidə aparılıb. Ekspedisiyaya AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov rəhbərlik edib. Onun rəhbərliyi ilə Orta Tunc dövrünə aid diametri 28 m, hündürlüyü 2 m olan, sərkərdənin dəfn edildiyi kurqandan zəngin artefaktlar aşkarlanıb. Eni 2 m, uzunluğu 6 m və dərinliyi 3 m olan kurqanda qəbir kamerası uzunu boyunca üç yerə bölünüb: insan skeletinin və onun avadanlıqlarının qoyulduğu yer (otaq), gil qabların qoyulduğu yer (otaq) və tamamilə boş olan yer (otaq). Yəqin ki, bu əlamət “o biri dünya”ya inamın ifadəsi olaraq mərhumun “ruhunun qidalandığı və sükunət tapdığı yer” kimi ehtimal edilə bilər.

Kurqanda yarımbükülü vəziyyətdə sərkərdənin (boyunun uzunluğu 2 metrdən artıq) əlində tutulmuş, dördtilli tunc nizə ucluğu, ayaq biləyi nahiyəsində aşkarlanan tunc bəzək əşyası, pasta muncuqlar və obsidiandan hazırlanmış əmək alətləri, 12 ədəd inkrustasiyalı və zəngin naxışlı saxsı küp aşkarlanıb ki, bu küplərin hər biri boğaz və çiyin hissələrində mürəkkəb nöqtəvari döymə və basma naxışlarla bəzədilib, həmin ornamentlərin içərisi isə xüsusi ağ maddə ilə doldurularaq inkrustasiya olunub. Küplərin içərisində “o dünya üçün azuqəlik” hesab edilən bişmiş heyvan (keçi, inək, at, qaban) sümükləri aşkar olunub. Bu tapıntılar həmin dövrün hərbi texnologiyasını, sosial strukturunu və dəfn ayinlərini əks etdirən mühüm sübut hesab olunur. Aşkar olunmuş skeletin anatomik durumu və nizə ucluğunun yerləşmə forması, həmin şəxsin döyüşçü statusuna malik olduğunu və ehtimal ki, xüsusi bir ritual mərasimlə dəfn edildiyini göstərir. Bu tip nizə ucluğu indiyədək nəinki Azərbaycanda, hətta bütövlükdə Cənubi Qafqaz regionunda son dərəcə nadir rast gəlinən tapıntılardan hesab olunur.

Kurqanın üst örtüyündə 0.5 m torpaq örtüyündən sonra hər birinin ağırlığı 1 ton, eni 0.60 metr, uzunluğu 2 m olan, 14 ədəd qarşı-qarşıya qoyulmuş qaltan daşları və onların baş hissəsində öküz formasında daş büt aşkar olunub. Arxeoloji qazıntının aparıldığı torpaq tipli kurqandan aşkar olunan əhəngdaşından dairəvi möhür inzibati idarəetmə və mülkiyyət anlayışının ilkin formaları barədə yeni məlumatlar verir.

Bu layihənin ən önəmli xüsusiyyətlərindən biri odur ki, bu tapıntıların hər birinin yerindəcə qrafik təsvirləri və elmi eskizləri peşəkar şəkildə hazırlanıb, onların struktur quruluşu və funksional özəllikləri sənədləşdirilib, fraqmentləşmiş halda aşkarlanmış maddi-mədəniyyət nümunələri yerində bərpa edilib.

“Keşikçidağ kurqanları” termininin elmi dövriyyəyə daxil edilməsi, bu layihələrin ən böyük uğuru kimi qiymətləndirilə bilər.

Orta Tunc dövrünə aid kurqanların və nadir artefaktların aşkar olunması təkcə yerli deyil, beynəlxalq elmi ictimaiyyətin də diqqətini cəlb edib. Hazırda tapılmış materialların üzərində karbon 14 tarixlənməsi, izotop analizləri, metalyoqrafik və mineral tərkib təhlilləri kimi beynəlxalq səviyyəli laboratoriya araşdırmalarının aparılması planlaşdırılır. Bu istiqamətdə əldə olunacaq nəticələrin beynəlxalq elmi ictimaiyyətə təqdim olunması məqsədilə dünyanın nüfuzlu arxeoloji və antropoloji jurnallarında dərc edilməsi nəzərdə tutulub. Eyni zamanda, Keşikçidağ qazıntıları zamanı əldə edilən bütün unikal tapıntıları əhatə edən, onların fotoşəkilləri, qrafik eskizləri və elmi şərhləri ilə zənginləşdirilmiş yeni elmi-nəzəri kitabın hazırlanması və çapı da qarşıya qoyulmuş hədəflər sırasındadır.
Chosen
4
8
sherg.az

10Sources