EN

"Bizə daha çox güvənin" - Valdas Dambrauskas

style='margin-bottom:10px;'>

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Çelye"yə 2:3 hesabı ilə uduzduqları oyundan danışıb. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

"Əvvəlcə "Çelye"ni qələbə münasibətilə təbrik edirəm. Oyuna gələn insanlara təşəkkür edirəm. Əla ab-hava yaratmışdılar. Amma əfsuslar olsun ki, evimizdə ilk oyunu uduzduq. Azarkeşlərimiz məyus ayrıldı. Futboldur, ədalətli olmasa da. Planlaşdırdığımız şeylər var idi, onları həyata keçirə bilmədik. Bu matçdan dərslər çıxararaq, sonrakı matçlarda yaxşı çıxış etməliyik. Biz çox yaxşı rəqibə qarşı oynadıq. "Çelye" haqda çox az məlumatımız var idi. Çünki rəqibimiz sadəcə 1 yoldaşlıq oyunu keçirmişdi. Biz onların əvvəlki matçlarına baxmışdıq. Eyni tərzdə oynayırdılar. 

Hər iki komanda yaxşı hazırlaşmışdı. "Çelye"nin oyun tərzinə bələd idik. Bunun qarşısını almağa çalışırdıq. Müsbət məqamlar var idi. Rəqibin cərimə meydançasına yaxın yaxşı təzyiqlər edirdik. Ötürmələr, zərbələr bəzən alınmadı. İkinci hissə oyunun nəzarəti bəzən bizdə, bəzən rəqibə keçirdi. Amma mövsüm irəlilədikcə, oyuna nəzarət etməyə çalışacağıq. Oyunçularım hər şeyi etdilər. Bəzən tələskənlik xeyrimizə olmadı. Bu gün döyüşü uduzduq, amma müharibəni uduzmamışıq. Futbolçularımın oyunu çevirmək üçün keyfiyyəti var. Dərs çıxaracağıq, özümüzə inanaraq Sloveniyaya gedəcəyik. Orada da əlimizdən gələni edəcəyik ki, nəticəni xeyrimizə dəyişək".

Mütəxəssis "Sloveniyada komandanın gözünü açmaq mümkün olacaq?" sualına belə cavab verib: "Biz "Sabah"ı, Azərbaycanı təmsil edirik. Bəzən futbolda kifayət qədər uğur sizin yanınızda olmur, istədiklərinizi həyata keçirə bilmirsiniz. Amma mən daha çox oyunçularımıza hörmət etməyi tövsiyyə edərdim".

"Çelye"nin baş məşqçisi Albert Riera mətbuat konfransında deyib ki, komandası cütün ən güclüsüdür. V.Dambrauskas bu haqda deyib: 

"Hər kəsin öz rəyi ola bilər. Mübahisə etmək istəməzdim. İlk oyunda qaib gəliblər. Amma birinci oyunda qələbə bəs etmir. Çünki cavab görüşü də var. Hazırlaşacağıq".

O, buraxılan qollardan danışıb: "Hər iki komanda əlindən gələni edirdi. Buraxdığımız 3 qolda da öz səhvlərimiz var. Səhvlərdən dərs çıxarmalıyıq. Səfərdə asan olmayacaq".

Mütəxəssis formaların rənglərinin oxşarlığı haqda da söz açıb: "Buna cavab vermək çətindir. Daha çox oyunçulardan soruşmaq lazımdır. Biz ev komandasıyıq, "Çelye" 2-ci formasını gətirməli idi. Amma bu cür rəng oxşarlığı nəinki avrokuboklarda, hətta daxili çempionatlarda da oynamaq düzgün deyil. Həmişə avrokuboklarda oyun günü səhərlər iclaslar olur və bu iclasda qərarlar verilir. UEFA-nın qanunlarına riayət edib, hərəkət etmək lazımdır". 

V.Dambrauskas komandasının daha çox əks-hücumlardan oynamağından danışıb: "Ən yaxşı hücum futbolu oynadan məşqçi də olsa, rəqibə diqqət etməlidir. Rəqib topla yaxşıdırsa, buna önəm vermək lazımdır. Biz birinci hissədə rəqibin qapısına təzyiq edirdik, topu alıb, hücum edirdik. İkinci hissədə daha çox topa nəzarət edən rəqib oldu. İkinci hissədə tez qol buraxdıq və həlledici oldu. Qol vurmaq istəyirdik. Ona görə belə oldu. Hücum futbolu anlayışına fərqli yanaşmaq lazımdır. Hücum futbolunda daha çox qollar önəmlidir, amma necə vura bilərsən? Elə komandalar var ki, topu saxlayaraq edir, bəziləri fərqli edir. Dominant olmağa çalışırdıq. Statistikaya baxsanız, ara ötürmələri verən daha çox biz idik, rəqibdən üstün idik. Üçüncü zonada sonuncu toxunuşlarda dəqiqlik çatışmırdı".

O, qaçırılan fürsətlərdən də danışıb: "Çox qol fürsətlərimiz oldu, amma yararlana bilmədik. Amma nəzərə alın ki, ilk oyundur. Fasilədən sonra uşaqların bəziləri toplanışdan sonra fiziki cəhətdən 100 faiz hazır deyildilər. Amma potensialımız çoxdur. Son dəqiqələrdə buraxdığımız qol üzücü və ağırdır. Hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, cavab görüşündə yaxşı nəticə əldə edək. Oyunun qırılma nöqtəsi buraxdığımız 3-cü qol idi".

Mütəxəssis hakimlər briqadasının Qazaxıstandan olmasına münasibət bildirib: "Mən məşqçiyəm. Bu daha çox UEFA-ya yönləndiriləcək sualdır. Mən onlara hörmət edirəm, istər Qazaxıstandan olsun, istərsə də Rumıniyadan. Bu gün yaxşı iş gördülər".

O, "Sabah"ın uzun müddət davam edən müdafiə problemləri haqda belə deyib: "Bütün keçmiş burada işləmiş məşqçilərə təşəkkür edirəm. Hər məşqçinin öz düşüncəsi olub. Vasili Berezutski çox böyük iş görüb. O, kuboku qazanmasaydı, biz Avropada olmayacaqdıq. Yəqin ki, indi çempionata hazırlaşırdıq. Hər məşqçi gələrkən özünün düşüncələri ilə gəlir. Bu gün oyuna çıxdığımız heyətdə müdafiə xəttinin oyunçuları ilk dəfə idi birlikdə çıxış edirdilər. Biz hazırda öz oyunçularımıza daha çox güvənməliyik. Onlara vaxt lazımdır ki, bir-birilərinə adaptasiya olsunlar. Bizim qarşılaşdığımız komanda "Çelye"dir. Konfrans Liqasında 1/4 finala qədər irəliləyib, "Fiorentina"ya qarşı başabaş futbol oynayıblar. Büdcəsi yüksək rəqiblərə qarşı oynayıblar. Avropada olan oyunlarda istər futbolçular, istər məşqçilər, daha çox təcrübə toplayır. Bu, sadəcə bir mərhələnin birinci oyunudur. Bizə daha çox güvənin, inanın".

Chosen
35
3
teleqraf.com

7Sources