EN

Xarici siyasətdə yeni uğur və sülhə doğru strateji addım » AzadMedia.az

Xarici
Məşhur Məmmədov,
Millət vəkili


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ölkəmizin həm ikitərəfli münasibətlər sistemində, həm də regional sülh təşəbbüslərində nüfuzunun artmasının daha bir parlaq göstəricisidir. Bu səfər çərçivəsində dövlət başçımızın Əmirliklərin Prezidenti ilə görüşü və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq platformada sülh və sabitliyə yönəlik siyasətinin təzahürüdür.
Bu səfərdən sonra əminliklə demək olar ki, Azərbaycan-BƏƏ münasibətləri strateji tərəfdaşlıqdan hərtərəfli əməkdaşlığa doğru inkişaf edir.
Əbu-Dabi səfərinin ilk mühüm istiqaməti Prezident İlham Əliyevlə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında keçirilən yüksək səviyyəli görüş idi. Görüş zamanı qeyd olunan siyasi münasibətlərin yüksək səviyyəsi və tərəflər arasında strateji tərəfdaşlıq atmosferi, enerji və bərpaolunan enerji sahələrində reallaşdırılan birgə layihələr ölkələrimiz arasında artan iqtisadi dinamikanın bariz ifadəsidir. Bununla yanaşı, görüşdə imzalanan “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqlədi.

Azərbaycan diplomatiyasının iqtisadi yönümlü strategiyasının bir hissəsi olaraq bu sənəd yalnız ticarət əlaqələrinin genişlənməsinə deyil, eyni zamanda dayanıqlı enerji tərəfdaşlığına, yaşıl iqtisadiyyatın inkişafına da xidmət edir.
Günün ən çox müzakirə edilən mövusu ölkə rəhbərinin Paşinyanla görüşü oldu. Bu görüşün sülh prosesinə töhfə verən görüş olacağı proqnozlaşdırılır.
Bu görüş ən çox gözlənilən və region üçün həyati əhəmiyyət kəsb edən hadisədir. Əbu-Dabidə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan ikitərəfli görüş ilk olaraq nümayəndə heyətlərinin iştirakı ilə başlasa da, sonradan təkbətək formatda davam etdirilib. Bu, danışıqların məxfiliyi və həssas mövzuların daha səmərəli şəkildə müzakirə olunmasına imkan yaradıb.
Azərbaycan tərəfinin bu görüşdəki mövqeyi bir daha ölkəmizin sülhsevər siyasətinə, beynəlxalq hüququn prinsiplərinə və ədalətli nizamlama təşəbbüslərinə sadiqliyini nümayiş etdirdi. Prezident İlham Əliyev illərdir olduğu kimi, bu dəfə də regional təhlükəsizlik və dayanıqlı sülh naminə konstruktiv və realist mövqe sərgilədi. Bu, yalnız Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin təmin olunması baxımından mühüm mərhələdir.
Əbu-Dabi görüşündə Prezident İlham Əliyevin ev sahibliyi etdiyi və Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dair də fikir mübadiləsi aparılıb. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsindən sonra Xankəndidə keçirilən bu zirvə görüşü beynəlxalq ictimaiyyətə verilən güclü mesaj oldu: Azərbaycanın Cənubi Qafqazda yeni reallıqları müəyyən edən əsas aktor kimi nüfuzu daha da güclənib.
Prezident İlham Əliyevin Əbu-Dabidəki fəaliyyəti bir daha göstərdi ki, Azərbaycan yalnız regionda deyil, həm də daha geniş geosiyasi məkanda sülhün və inkişafın fəal təşəbbüskarıdır. Prezidentimizin siyasi uzaqgörənliyi, diplomatik çevikliyi və prinsipiallığı nəticəsində ölkəmiz bu gün həm güclü tərəfdaş, həm də sabitliyin qarantı kimi tanınır.
Əminliklə söyləyə bilərik ki, Əbu-Dabi görüşü sülh gündəliyinin davamlı irəliləməsinə təkan verəcək, diplomatik sahədə qazanılmış uğurlar Azərbaycanın milli maraqlarına və bölgədə sabitliyin qorunmasına xidmət edəcəkdir.

Chosen
11
1
azadmedia.az

2Sources