Ajans.az xəbər verir ki, Müşavirə iştirakçıları Xankəndi şəhərində həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən Qarabağ Universitetində yaradılmış şəraitlə tanış olublar. Daha sonra keçirilən Xankəndi xüsusi sessiyasının açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edib. Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında universitetin fəaliyyəti, tədris proqramları haqqında ətraflı məlumat verib. Rektor universitetin peşəkar professor-müəllim heyəti, müasir infrastruktur və tələbələr üçün yaradılmış geniş sosial-mədəni mühit barədə danışıb. Nazir müavini Elnur Məmmədov Xankəndi şəhərinin 1923-cü ildən sonra erməniləşdirilməyə çalışılmasına baxmayaraq, məhz 100 ildən sonra 2023-cü ildə suverenliyimizin tam bərpası ilə tarixi ədalətin bərqərar olduğunu vurğulanıb. Ölkəmizin suverenliyinin bərpasından dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Qarabağ Universitetinin yaradılması ilə bağlı qərar verilməsinin əhəmiyyəti qeyd edilib. Doğma Xankəndidə, Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, təşkil olunan yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizin yenilməz gücünü bir daha təsdiqlədiyi vurğulanıb. Qısa müddətlik tarixə malik olmasına baxmayaraq, Qarabağ Universitetində tədris prosesi üçün yaradılmış şəraitin, Universitetin müəllim və tələbə kollektivinin əldə etdiyi uğurların bu tədris ocağının gələcəyinə güclü inam yaratdığı qeyd edilib. Diplomatik xidmət orqanları rəhbərlərinin IX Müşavirəsinin, eləcə də 9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı gününün məhz Xankəndi şəhərində, Qarabağ Universitetində keçirilməsinin simvolik əhəmiyyəti olduğu, bunun həm zəfər tariximizə diplomatlarımız tərəfindən verilən dəyər və Qarabağ Universitetinə dəstəyin göstəricisi olduğu vurğulanıb. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxışı zamanı, Xankəndi şəhərində görülən genişmiqyaslı bərpa və quruculuq işləri, bu istiqamətdə gələcək planlar barədə ətraflı məlumat verib. Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən diplomatik missiyalarımızın akkreditə olduqları ölkələrdən əldə etdikləri 500-ə yaxın kitab Qarabağ Universitetinin kitabxanasına hədiyyə olunub. Daha sonra, səfər iştirakçıları Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri tərəfindən hazırlanmış konsert proqramında iştirak ediblər. Səfər çərçivəsində, həmçinin Şuşa şəhəri də ziyarət edilib, şəhərin tarixi yerlərinə ekskursiya təşkil olunub.