EN

Google-un süni intellekti bütün mesajlara çıxış əldə edə bilər

ABŞ-ın texnologiya nəhəngi Google süni intellekt modeli olan Gemini ilə bağlı yeni yenilikləri ictimaiyyətə təqdim edib. Şirkətin yaydığı məlumata əsasən, Gemini yaxın vaxtlarda Android əməliyyat sistemi ilə işləyən smartfonlarda istifadəçinin istənilən mesajlaşma proqramına çıxış əldə edə biləcək.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, bu yenilik istifadəçilərə gündəlik əməliyyatlarda kömək məqsədi daşıyır. Belə ki, yeni sistem vasitəsilə süni intellekt istifadəçinin əvəzindən zənglər edə, mesajlar göndərə və digər gündəlik tapşırıqları yerinə yetirə bilər.

Bununla belə, mütəxəssislər bəzi məxfilik və təhlükəsizlik məsələlərinə diqqət çəkirlər. Rəsmi olaraq istifadəçi Gemini sisteminə hansı tətbiqlərə çıxış icazəsi verəcəyini özü seçməlidir. Lakin texniki baxımdan bu çıxışın tam şəkildə bloklanması mümkün deyil. Bundan əlavə, Google-un dəstək səhifələrində və sənədlərində Gemini sisteminin smartfondan necə tam şəkildə silinməsi və ya inteqrasiyaların necə dayandırılması barədə heç bir açıq məlumat yer almır.

Bəzi texnologiya ekspertləri bu addımı istifadəçilərin şəxsi məlumatlarına potensial təhlükə kimi dəyərləndirir və şəffaflıqla bağlı suallar yarandığını bildirirlər. Məlumdur ki, son dövrlərdə süni intellektin insan həyatına inteqrasiyası genişlənir və bu prosesdə istifadəçilərin məxfiliyi və fərdi məlumatlarının qorunması prioritet məsələ kimi qəbul olunur.

Qeyd edək ki, Gemini modeli Google-un əsas süni intellekt məhsuludur və bu sistem məlumat axtarışı, tərcümə, yazıların redaktəsi və digər intellektual xidmətlər sahəsində istifadə olunur.

Kiber təhlükəsizlik üzrə mütəxəssislər məsələyə münasibət bildirərək qeyd edirlər ki, süni intellekt texnologiyalarının fərdi cihazlara dərin inteqrasiyası məxfi məlumatların qorunması baxımından ciddi risklər yaradır. Onların fikrincə, bu cür sistemlər bir tərəfdən gündəlik işimizi asanlaşdırsa da, digər tərəfdən şəxsi məlumatların toplanması və istifadəsi üzərində tam nəzarətin istifadəçidə olmaması narahatlıq doğurur. Google-un Gemini modeli ilə bağlı yayılan məlumatlar göstərir ki, bəzi texniki imkanlar istifadəçilərin razılığı olmadan belə məlumatlara çıxışa yol aça bilər. Bu isə məxfilik hüquqlarının pozulması deməkdir.

Ekspertlər əlavə edirlər ki, bu kimi texnologiyalar yalnız yüksək şəffaflıq və alternativ tənzimləmə mexanizmləri ilə təhlükəsiz şəkildə tətbiq oluna bilər. Əgər istifadəçi istədiyi vaxt inteqrasiyanı dayandıra və ya sistemi tamamilə silə bilmirsə, bu, artıq etik və hüquqi məsələdir. İstənilən süni intellekt tətbiqi, istər chatbot, istər səsli köməkçi, istərsə də mesajlaşmaya inteqrasiya olunmuş sistem olsun, şəxsi suverenliyə hörmət etməlidir.

Ekspertlər oxuculara Android cihazlarında verilən icazələri və tətbiq parametrlərini mütəmadi yoxlamağı, məlumatların avtomatik toplanmasına qarşı ehtiyatlı davranmağı tövsiyə edirlər.

S.ELAY

XQ

 

 

Chosen
22
1
xalqqazeti.az

2Sources