EN

Marsel alovlara təslim oldu

Fransanın cənub sahilləri iyulun 8-də başlayan və hələ də nəzarət altına alınmayan irimiqyaslı meşə yanğınları ilə mübarizə aparır. Alovlar Marsel şəhərinə qədər çatıb, onlarla ev və avtomobil külə dönüb, yüzlərlə insan təxliyə edilib, hava və dəmiryolu nəqliyyatı dayanıb.

Fransa Daxili İşlər naziri Bruno Retailleau Marseldə jurnalistlərə açıqlamasında “Bu, yüksək riskli bir yay mövsümünün xəbərçisidir” deyib. Keçən həftəki isti hava dalğasından sonra Buş-dü-Ron bölgəsində başlayan yanğın, Le-Pen-Mirabo ərazisindən Marselin 16-cı rayonuna qədər yayılıb.

Alovun qarşısını almaq üçün 800-dən çox yanğınsöndürən cəlb olunub. Yerli əhaliyə mobil telefonlar vasitəsilə "meşə ərazilərini tərk edin, qapalı məkanlarda qalın" xəbərdarlığı edilib.

***

Şəhər üzərində yüksələn qatı tüstü havadakı toz və zərərli hissəciklərin miqdarını normadan 10 dəfə artırıb. Marsel-Provence hava limanı axşam saat 21:30-a qədər fəaliyyətini dayandırıb. Dəmiryolu xətləri bağlanıb, A9 avtomagistralı da yanğın səbəbindən bir neçə dəfə hərəkətə bağlanıb.

Yanğın nəticəsində 400 nəfər təxliyə olunub, 63 ev zərər görüb, onlardan azı 10-u tamamilə yanıb. Şəhərdə 71 yaşlı sakini olan bir qocalar evi də təxliyə edilib.

***

Narbon şəhəri yaxınlığındakı Od (Aude) bölgəsində isə vəziyyət daha ağırdır. Son üç gün ərzində 2.000 hektarlıq ərazi alovlara təslim olub. 1.000-dən çox yanğınsöndürən bölgəyə cəlb olunub. Beş yanğınsöndürən yüngül xəsarət alıb. Gecəni avtomobillərində keçirməyə məcbur qalan yüzlərlə sürücü var.

Yanğının Korbyer bölgəsindəki bir üzüm bağında başladığı və güclü “tramontane” küləkləri ilə sürətlə yayıldığı bildirilir. Yüksək temperatur və yağıntının olmaması yanğının daha da şiddətlənməsinə səbəb olub.

***

Eyni zamanda Ero və Şərqi Pireney bölgələrində də yeni yanğın ocaqları yaranıb. Perpinyan ətrafındakı yanğınlara helikopterlərlə müdaxilə edilir. Bir çox yaşayış sahəsi və əkin sahələri təhlükə altındadır. Turist mövsümünün qızğın vaxtında yolların dolu olması isə təxliyə prosesini çətinləşdirir.

Chosen
24
vaxt.az

1Sources