EN

Kolleclərdə müəllim hazırlığı ilə bağlı MÜHÜM DETALLAR: – Peşəkarlıq hansı səviyyədədir? 

“Vaxtilə kolleclərdə aparılan müəllim hazırlığının mənfi nəticələrini hələ də hiss edirik”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, müəllimlərin sertifikasiya imtahanları göstərir ki, vaxtilə kolleclərdə təhsil almış müəllimlərin nəticələri zəifdir. Bu səbəbdən kolleclərdə müəllim hazırlığı dayandırılıb.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri qərarı yüksək qiymətləndirib.

Elmin Nuri

Onun sözlərinə görə, bir vaxtlar məktəblərdə çalışan müəllimlərin az qala yarısı kollec məzunları idi:

“Biz onların bir çoxunun fəaliyyətini uğurlu hesab edir və ali təhsil almamalarını neqativ hal kimi qiymətləndirmirik. Amma reallıq budur ki, bu gün kolleclər faydalılıq baxımından müsbət mənzərə ortaya qoya bilmirlər. Onlar praktik yönümlülük baxımından da peşə tədris müəssisələrindən geri qalırlar. Belə bir şəraitdə pedaqoji ixtisasların keyfiyyətli tədrisi mümkün deyil”, – o bildirib.

Təhsil eksperti əlavə edib ki, hazırda kolleclərdə yalnız texnologiya müəllimliyi, ailə-ev təhsili və inklüziv təhsil kimi sahələr üzrə hazırlıq aparılır:

“Nə yaxşı ki, əsas fənlər üzrə müəllim hazırlığı bu gün yalnız ali məktəblərdə həyata keçirilir. Universitet mühiti bu istiqamətdə daha səmərəli və keyfiyyətli mütəxəssis hazırlamaq potensialına malikdir”, – deyə Elmin Nuri vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
12
1
konkret.az

2Sources