EN

Sürücülərin DİQQƏTİNƏ: Siqnal vermək Hər Yerdə Qadağandır!

"Avtomobillərin siqnal verməsi, yol hərəkətinin təhlükəsiz və səmərəli təşkili baxımından yalnız zəruri hallarda tətbiq olunmalıdır". 

Bu fikirləri News24.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. 

 Onun sözlərinə görə, yol hərəkəti haqqında qanunvericiliyə əsasən, siqnalın məqsədi təhlükənin qarşısını almaq və digər hərəkət iştirakçılarını xəbərdar etməkdir: 

"Lakin praktiki müstəvidə müşahidə olunan vəziyyət göstərir ki, siqnal çox zaman məqsədsiz və yersiz şəkildə istifadə olunur ki, bu da həm hüquqi, həm də sosial baxımdan arzuolunmazdır".

Ekspert yol hərəkəti qaydalarına əsasən, yaşayış məntəqələrində, təhsil və tibb müəssisələrinin ətrafında siqnalın yersiz verilməsi qadağan olduğunu xüsusilə vurğulayıb. O qeyd edib ki, belə hallarda siqnalın istifadəsi inzibati məsuliyyət yaradır və fiziki şəxslər üçün cərimə 40 manat məbləğində müəyyən olunub:

 "Hüquqi şəxslər üçün bu məbləğ daha yüksək ola bilər. Bununla yanaşı, inzibati tədbirlərlə yanaşı, cəmiyyətin davranış normalarının formalaşması da mühüm əhəmiyyət kəsb edir". 

A. Əsədov avtonəqliyyat vasitələrinin idarə olunması zamanı ətraf mühitə və digər yol iştirakçılarına qarşı diqqətli və məsuliyyətli yanaşma əsas prinsip kimi qəbul edilməli olduğunu bildirib. O,  sakinlərin rahatlığının qorunması, yol hərəkətində səs-küyün minimuma endirilməsi və hüquqi-nizamlayıcı çərçivəyə riayət olunması, yol hərəkətinin mədəni səviyyəsinin yüksəldilməsinə xidmət edir -  deyə əlavə edib.

Məsələ ilə bağlı Bakı şəhər Yol Polis idarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli bəzi sürücülərin, xüsusilə yaşayış zonalarında lüzumsuz yerə səs siqnallarından istifadə etməsi, ətrafda hərəkət iştirakçılarının və orada yaşayan sakinlərin haqlı narazılığına səbəb olduğunu bildirib. Onun sözlərinə görə, unutmaq olmaz ki, bu, qanuna ziddir və öz növbəsində inzibati məsuliyyət yaradır.

" Mövcud qanunvericiliyə əsasən səs siqnallarından iki halda - yəni yol nəqliyyat hadisəsinin qarşısını alınması məqsədilə, digər halda isə yaşayış yerlərindən kənarda ötmə əməliyyatını icra edən zaman icazə verilir". 

Polis kapitanı, bu baxımdan hər bir yol hərəkət iştirakçısı qaydalara ciddi şəkildə əməl etməli, özünün və digər hərəkət iştirakçılarına narahatlıq yaratmamalı olduğunu əlavə edib.


Xeyrənsə Piriyeva


Chosen
79
16
news24.az

10Sources