EN

Lavrov və Rubio Kuala-Lumpurda görüşüblər

Moskva, 10 iyul, AZƏRTAC

Kuala-Lumpurda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu şəhərdə keçirilən ASEAN tədbirləri çərçivəsində Birləşmiş Ştatların dövlət katibi Marko Rubio ilə görüşüb.

AZƏRTAC Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, tərəflər Ukrayna münaqişəsinin nizama salınması üzrə fikir mübadiləsi aparıb, İran və Suriyada vəziyyəti, həmçinin bir sıra beynəlxalq məsələləri müzakirə ediblər.

Görüş zamanı Moskva və Vaşinqtonun münaqişələrin sülh yolu ilə həlli, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın bərpa olunması, birbaşa aviareyslərin yenidən başlanması və iki ölkənin vətəndaşları arasında təmasların asanlaşdırılması üzrə istəkləri təsdiqlənib. Tərəflər diplomatik missiyaların fəaliyyətinin normallaşdırılmasının əhəmiyyətini də vurğulayıblar.

Rusiya və ABŞ iki ölkənin xarici siyasət idarələri arasında dialoqun davam etdirilməsi üzrə razılıq əldə ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
51
3
azertag.az

4Sources