EN

“Daşnaksütyun”u kim maliyyələşdirir? - II Qaregin KQB agentidir - ŞƏRH

Ermənistanın siyasi mühitində təlatümlər davam edir. Bir neçə gün əvvəl baş nazir Nikol Paşinyanın göstərişi ilə "Daşnaksütyun" partiyasının lideri İşxan Saqatelyanın da deputat toxunulmazlığından məhrum edilməsi məsələsi gündəmə gəlib. Bildirilir ki, Saqatelyan Baqrat Qalstanyanın başlatdığı “Müqəddəs mübarizə” hərəkatına dəstək verib.

Baqrata qarşı terror maddəsi ilə cinayət işinin açıldığını nəzərə alsaq, Saqatelyanı da oxşar aqibətin gözlədiyini ehtimal etmək mümkündür.

İşin maraqlı tərəfi odur ki, bu xəbərlərin mediada tirajlanmasından dərhal sonra İşxan İrəvanı tərk edib. Onun gecə ilə Moskvaya üz tutması isə bir sıra mətləblərdən xəbər verir. Əvvəla, görünən odur ki, Saqatelyanı ölkədən məhz rus agenturası vaxtında çıxara bilib. Keçmiş prezident Robert Köçəryanın da bir müddətdir ölkə xaricində olması İrəvanda həbslər dalğasının ona və yaxınlarına sıçrayacağından, "Daşnaksütyun" sədrinin də dəmir barmaqlıqlar arxasına göndəriləcəyindən xəbər verirdi. Bu səbəbdən Kreml əlaltılarını qorumaq üçün onları bir-bir ölkədən çıxarır.

İşxanla əlaqə saxlayan jurnalistə isə o bildirib ki, hazırda Rusiyada işgüzar səfərdədir və yaxın günlərdə qayıtmağı düşünməsə də, İrəvana qayıdacağı dəqiqdir. Ehtimal etmək olar ki, Saqatelyan suyun durulmasını gözləyir və bu müddət ərzində də bəzi siyasi dairələrlə məsləhətləşib müəyyən təlimatlar alacaq, İrəvana başqa planla dönəcək.

Bu hadisələrə hakim partiyanın elitası da biganə qalmayıb. Artıq mediaya sızan məlumatlardan da aydın olur ki, Saqatelyan İrəvana eniş edən kimi onu partiyadaşları yox, hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayacaq. Çünki onun təmsil etdiyi partiya maliyyə fırıldağında və xaricdən, konkret olaraq, Rusiyadan maliyyələşməkdə ittiham edilir. Belə ki, dünən günorta saatlarında "Daşnaksütyun" partiyasının 2024-cü il üçün maliyyə hesabatı yayımlanıb.
Hesabatdan da görünür ki, partiya ötən il üzvlük haqlarından heç bir ödəniş əldə etməyib. 2024-cü ildə 137.9 milyon dram vəsait xərcləyən "Daşnaksütyun" cəmi 117.3 milyon dram əldə edib. Əlavə 20 milyon dramın haradan və hansı yolla əldə edildiyi isə naməlumdur və bu, hesabatda qeyd edilməyib.

Nəzərə alaq ki, Avropa İttifaqı Ermənistanda 2026-cı il seçkilərinə müdaxilə üçün əlini cibinə salıb və anti-Rusiya mövqeyi ilə tanınan Kaya Kallas (Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi - red.) 270 milyon avro yardımın göstərilməsi haqqında bəyanat verib. Bu maliyyə müstəqil KİV-lərə və hibrid təhlükələrə, dezinformasiyaya qarşı mübarizəyə xərclənəcək.

Qısacası, Aİ bu pulu Paşinyanın seçkilərdə qələbəsinə, Rusiyanın isə Ermənistandan çıxarılmasına, KİV-lərdə Moskva əleyhinə silsilə yazıların paylaşılmasına xərcləyəcək.

Bu səbəbdən də Qərbə qarşı mübarizədə Ermənistanı platforma seçən Kremlin də eyni üsullardan istifadə etdiyini, "Daşnaksütyun" və digər siyasi müxalifəti maliyyələşdirdiyini söyləyə bilərik.

Hesabatda qeyd edilir ki, "Daşnaksütyun"un əsas maliyyə mənbəyi dövlət büdcəsidir. Ötən il büdcədən bu partiyaya 108.3 milyon dram ayrılıb. 3.5 milyon dram daşınmaz əmlakın kirayə verilməsindən, 3.4 milyon dram mənşəyi məlum olmayan ianələr və 1.9 milyon dram Sarqis Baqdasaryan adlı şəxsdən daxil olub.

Partiya 3 milyon dram nəqliyyat vasitəsinin alınmasına xərcləsə də, deklarasiyada heç bir avtomobil göstərilməyib. Maraqlıdır ki, "Daşnaksütyun"un 72 daşınmaz əmlakı var. Bu sıraya ictimai iaşə obyektləri, torpaq sahələri, qeyri-yaşayış sahələri, çoxmənzilli binalar daxildir. Bu mülklər isə partiyanın balansına Koçaryanla Sarkisyan ittifaqı zamanı daxil edilib.

Ehtimal edilir ki, bu məsələlərlə bağlı da cinayət işi açıla bilər. Çünki bu qədər dəyərli obyektin birdən-birə partiyaya peşkəş verilməsi bir sıra suallar yaradır. Paşinyan komandası da bu faktları gözardı etməyəcək və iş hətta Sarkisyanla Köçəryana qədər gedib çıxacaq. Bu, hakim partiya üçün əlavə təzyiq rıçaqı deməkdir.

Bu hadisələrin fonunda Köçəryanın bir müddət əvvəl aradan çıxaraq Yunanıstanda istirahət etməsini, Saqatelyanın gecə ilə Moskvaya qaçmasını anlamaq olar. Siyasətçilər yaxınlaşan təhlükəni hiss edərək zamanında aradan çıxa biliblər.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, artıq düyməyə basılıb və "Daşnaksütyun" üzvlərinə qarşı reydlərə start verilib. Məsələn, partiyanın İrəvan şəhər komitəsinin üzvü Arsen Martoyan saxlanılıb. Paralel olaraq, "Daşnaksütyun" üzvlərinin, partiya aparatının rəhbəri Vahan Matinyanın, gənclər təşkilatının sədri Qevorq Muradyanın evlərində axtarış aparılır. Çox güman ki, polis terroru özünə əsas seçən bu partiya üzvlərinin evindən müxtəlif sənədlər və dəlillər tapacaq. Bu da bu şəxslərin həbsi ilə nəticələnəcək.

Eyni zamanda, müxalifət deputatı, “Hayastan” fraksiyasının üzvü Qeqam Manukyanın da evində axtarış aparılıb. Polis deputatın telefonunu əlindən alıb, oğlu Taron Manukyanı isə saxlamaq niyyətindədir. Bunlar bir daha sübut edir ki, Paşinyan erməni siyasətini "Daşnaksütyun", Köçəryan, Sarkisyan tör-töküntülərindən təmizləmək və seçkilərdə qələbəni təmin etmək niyyətindədir.

Paralel olaraq, qeyd etmək yerinə düşər ki, Paşinyan komandası Apostol Kilsəsi ilə də haqq-hesabı tezliklə çürütmək niyyətindədir. Bu səbəbdən də II Qaregin, yəni Ktriç Nersisyan barədə dosyalar erməni KİV-də yayılmağa başlayıb.

Dərc edilən faktlar məcmusu da söyləməyə əsas verir ki, əslində, Paşinyan konkret olaraq Rusiyadan qurtulmaq üçün hərəkətə keçib. Məsələn, Krtiçin 1979-cu ildən KQB agenti olduğu, bu gün də FSB ilə əməkdaşlıq etdiyi bildirilir.

Eçmiadzin taxtına yiyələnmək üçün Nersisyan müəmmalı ölümlərə, rəqib keşişlərin qətlinə səbəb olub. O, hətta katolikos seçildikdən sonra da müxtəlif ölümlər davam edib. Eyni zamanda, Rusiya OMON-un köməyi ilə Rusiya yeparxiyasının arxiyepiskopu Tiranı da taxtından uzaqlaşdıra bilib. Tiran Moskva və Rusiyanın digər regionlarında nüfuzlu şəxs olub. Amma Krtiç onu da ortadan götürərək, yerinə qardaşı Mkrtıçı, yəni Rusiya xüsusi xidmət orqanlarının növbəti agentini gətirə bilib. Ktriç Nersisyan xeyir-dua verib və bütün imkanları ilə Ermənistanda hərbi çevrilişə çağıran və bu xahişi Robert Köçəryana və Serj Sarkisyana necə etdiyini canlı efirdə dəfələrlə danışan Gevorq Ajapaxyanı müdafiə etməyə çalışıb.

Bütün bu faktların da yayılması təsadüfi deyil və II Qareginin həbsi üçün zəmin hazırlanır.

Son olaraq, söyləmək yerinə düşər ki, həftənin şənbə günü Gorusda hakim partiya elitasının siyasi iclası planlaşdırılır. Baş nazir Nikol Paşinyanın sədrlik edəcəyi iclasda konkret qərarların və göstərişlərin verilməsi ehtimal edilir. Söyləmək olar ki, bu iclas həlledici olacaq və növbəti həbs dalğasına start veriləcək.

Kamil Məmmədov

Chosen
14
1
report.az

2Sources