ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 9-da Milli Aviasiya Akademiyasında (MAA) “Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” III Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.
MAA-dan AZƏRTAC-a bildirilib ki, Akademiyanın birinci prorektoru Ədalət Səmədov çıxışında MAA-nın rektoru, akademik Arif Paşayevin salamlarını iştirakçılara çatdırıb, onlara uğurlar arzulayıb. Qeyd olunub ki, konfransın konseptual və praktiki əsasını Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təşkil edir.
Akademik Rasim Əliquliyev süni intellekt strategiyası barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. O, həmçinin süni intellekt texnologiyalarının sürətli inkişafını və bu baxımdan konfransın əhəmiyyətini xüsusi vurğulayıb.
Konfransın əsas məqsədi Azərbaycanın milli süni intellekt strategiyasına dəstək verən praktiki tövsiyələrin hazırlanması, aviasiyanın və aerokosmik sahənin inkişafında süni intellektin rolunun müəyyənləşdirilməsi, süni intellekt vasitəsilə aerokosmik texnologiyaların inkişaf etdirilməsi, gənc tədqiqatçıların bu istiqamətdə yaradıcı potensialının artırılması, alimlərin və sənaye mütəxəssislərinin bir araya gətirilməsi, elmi yanaşma və texnologiyaların müzakirə olunduğu akademik platformaların yaradılmasıdır.
Sonra Azərbaycan–İsrail Cəmiyyətinin üzrə direktoru Yeganə Salman, Odessa Milli Politexnik Universitetinin Kompüter Elmləri İnstitutunun direktoru, professor Svetlana Antoşuk, Azərbaycan-Yaponiya Cəmiyyətinin sədri, professor Xəlil Kələntər çıxış edərək konfransın beynəlxalq elmi əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıblar. Çıxışçılar, həmçinin insan kapitalının formalaşması, nəqliyyat və logistika sistemlərinin idarə olunması, rəqəmsal bacarıqların inkişafında süni intellektin rolundan danışıblar.
Türkiyə, Yaponiya, İsrail, Almaniya, Böyük Britaniya, Qazaxıstan və Ukraynadan tanınmış mütəxəssislər, elmi-tədqiqat institutlarının nümayəndələri, texnologiya şirkətlərinin təmsilçiləri və süni intellekt sahəsində fəaliyyət göstərən ekspertlərin iştirak etdiyi konfrans çərçivəsində 80-dən çox elmi məruzə dinlənilib, dəyirmi masa, tematik panel və təqdimat keçirilib. Tədbirdə, eyni zamanda, Milli Aviasiya Akademiyasında yeni yaradılmış Süni İntellekt Klubunun da təqdimatı olub.
İki gün davam edən beynəlxalq konfransda “Aviasiya sistemlərində süni intellekt, “Aerokosmik monitorinq problemlərinin həllində süni intellekt texnologiyaları”, “Süni intellekt simulyatorları və öyrənmə prosesi”, “Aviasiya təhlükəsizliyində süni intellekt texnologiyaları”, “Süni intellektin tətbiqinin sosial və hüquqi problemləri”, “İqtisadiyyat və menecmentdə süni intellektin innovativ tətbiqləri” kimi mövzular müzakirə olunub.
Tədbirə Azərbaycanın müxtəlif şəhər və rayonlarından, o cümlədən Bakı, Gəncə, Sumqayıt və Naxçıvandan 15-dən çox ali təhsil müəssisəsinin nümayəndələri, doktorantlar və gənc tədqiqatçılar qatılıblar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.