İsrail hərbi qüvvələrinin Fələstinin Qəzza Zolağı regionuna aviazərbələr endirdiyi müşahidə olunub.
Hərbi komandanlıq Qəzzada 100-dən çox obyekti vurduqlarını bildirib.
Hədəfə alınan mövqelərin HƏMAS silahlılarına məxsus anbarlar, raket atıcıları və tunellər olduğu iddia edilir.
İsrail HƏMAS-ı silahları mülki infrastruktur arasında gizlətməkdə ittiham edir.
Əməliyyatlar nəticəsində insan itkisinin olub-olmadığı hələlik məlum deyil.
Xatırladaq ki, sonuncu aviazərbələrdən biri – Xan Yunisdə 51 nəfərin ölümünə səbəb olub.
İsrailin 21 aydır ki, Qəzzanı bombalaması nəticəsində 57 mindən çox insan ölüb.
İsrail yüz minlərlə Qəzza əhalisini Misirlə sərhəddə qapalı zonaya təxliyə etməyi planlaşdırır.
Xatırladaq ki, 2023-cü ildə HƏMAS İsrailə hücum edərək 1200 nəfəri öldürdükdən və 250 nəfəri girov götürdükdən sonra İsrail hərbi qüvvələri bu qruplaşmaya qarşı yerüstü və havadan əməliyyatlara başlayıb.
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp müharibəni dayandırmaq üçün İsrail rəhbərliyinə təzyiq göstərsə də, qarşı tərəf döyüşləri davam etdirəcəyini bildirib.
HƏMAS atəşkəs üçün əsas şərtlərin biri kimi İsrail ordusunun Qəzzadan çıxmasını tələb edir.
İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin təhlükəsizliyi üçün HƏMAS-ın hərbi qabiliyyətlərini məhv etməli olduqlarını deyib.