EN

Ermənistan Azərbaycan arasındakı sülh gündəmindən kənarda qalmaq rəsmi Vaşinqtonu narahat edir

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirən dövlət katibi Marko Rubionun bəyanatını şərh edib. Bryus qeyd edib ki, ABŞ bununla bağlı bir sıra məsələlərin həllində fəal iştirak edir. "Dövlət katibinin bəyanatı mühüm idi. Biz əldə olunmuş razılaşmalardan, atəşkəsdən və ABŞ-ın müəyyən rol oynadığı tərəqqidən razıyıq. Dövlət katibinin bu bəyanatı vermək üçün səbəbləri var idi və biz daha konkret məlumat əldə etdikdən sonra onları sizə təqdim edəcəyəm", - o deyib. Xatırladaq ki, bir müddət əvvəl ABŞ dövlət katibi Marko Rubio yaxın gələcəkdə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirmişdi.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Tammi Bryusun açıqlaması, əslində ABŞ-ın “oyunda mən də varam” mesajıdır və Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən kənarda qalmaq istəmədiyini göstərir.

Tural İsmayılov

“Dövlət katibi Marko Rubionun çıxışı da təsadüfi deyil — bu, bölgədə baş verən sülh prosesində Amerikanın birbaşa tərəf olduğunu göstərmək istəyidir. ABŞ əvvəllər Brüssel prosesi ilə paralel şəkildə Vaşinqton görüşlərini təşkil etmiş, lakin son aylarda təşəbbüsü daha çox Avropa İttifaqı və Rusiya ələ almışdı. İndi isə Vaşinqton, Ermənistan-Azərbaycan sülh gündəminin tam kənarında qalmaqdan narahatdır və bu cür bəyanatlarla yenidən masaya dönmək istəyir. Bryusun vurğuladığı “birbaşa iştirak” ifadəsi, əslində ABŞ-ın vasitəçidən çox, nəzarətçi kimi çıxış etmək niyyətinin göstəricisidir”- deyə Tural İsmayılov qeyd edib.

Tural İsmayılov vurğulayıb ki, ABŞ sülh müqaviləsinin texniki detalları və atəşkəsin qorunmasında hansısa “çətir” roluna iddialıdır, lakin bölgədə yeni reallıqlar – Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası və regional kommunikasiya məsələləri artıq Rusiya-Türkiyə xəttində daha çox müzakirə olunur.

Politoloqun fikrincə, Vaşinqton üçün bu prosesdə qalmaq həm geosiyasi mövqe, həm də İran, Rusiya və Çinə qarşı bir balans yaratmaqdır. ABŞ bu səbəbdən də sülh prosesində iştirakını daha çox diplomatik simvolizm vasitəsilə qorumağa çalışır: “Bu da bəzən real təsirdən çox, siyasi vitrin effekti yaradır. Bütün hallarda, əgər yekun sənəd imzalanacaqsa, ABŞ istəyir ki, bu prosesdə onun da imzası hiss olunsun. Amma real təsir gücü, indi əvvəlki illərə nisbətən zəifləyib”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
bizimyol.info

1Sources