EN

Səhər yeməyindən imtina depressiya və diqqət pozğunluğu riskini artırır

Gənclər arasında səhər yeməyinin mütəmadi şəkildə buraxılması depressiya əlamətlərini gücləndirə və diqqət toplama qabiliyyətini azalda bilər. Bu nəticə Honqkonq alimlərinin apardığı və "Frontiers in Psychiatry" jurnalında dərc edilmiş yeni tədqiqatda yer alıb.

"Hong Kong Youth Epidemiological Study" adlı layihə çərçivəsində 3154 yeniyetmə və gəncin qidalanma vərdişləri və psixoloji vəziyyəti təhlil edilib. Sorğuda iştirak edənlərin təxminən 15 faizi ümumiyyətlə səhər yeməyi yemədiklərini bildirib, 33 faizi isə hər gün bu vərdişi qoruduqlarını deyib.

Məlum olub ki, səhər yeməyindən imtina edən iştirakçılar arasında depressiya və təşviş halları daha çox müşahidə olunur. Həmçinin bu şəxslər sosial münasibətlərdə çətinliklər və təhsil həyatında diqqət pozğunluğu ilə qarşılaşdıqlarını qeyd ediblər.

Tədqiqatçılar bu vəziyyəti diqqətin zəifləməsi ilə əlaqələndirirlər. Belə ki, səhər yeməyindən mütəmadi imtina edən iştirakçılarda impulsivlik daha yüksək olub və diqqət toplamaq qabiliyyətində ciddi çatışmazlıqlar qeydə alınıb. Əlavə analizlər göstərib ki, diqqət zəifliyi səhər yeməyindən imtina ilə depressiya simptomlarının artması arasındakı əlaqənin ən azı üçdə birini izah edir.

Mütəxəssislər səhər yeməyinin psixi və kognitiv sağlamlıq baxımından əhəmiyyətini vurğulayaraq, gənclərin qidalanma rejiminə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edirlər.

S.ELAY

XQ

Chosen
36
1
xalqqazeti.az

2Sources