Bu gün dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Onlar ilk olaraq Füzuli şəhərinə gəliblər.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfərin ilk günündə Səyyahlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Ardınca onlar işğal dövründə dağıdılan ərazilərə baxıb, eyni zamanda, azad edilən Füzulidə aparılan tikinti-quruculuq işlərinin şahidi olublar.
15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Heyət üç gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.
Beynəlxalq səyahətçilər son dörd il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.