EN

“Sabah” “Çelye” ilə ilk oyuna çıxır

Futbol üzrə Azərbaycan Kubokunun qalibi “Sabah” bu gün Avropa Liqasının 2025/2026-cı illər mövsümündə ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Avroliqanın ilk təsnifat mərhələsində Sloveniyanın “Çelye” komandası ilə qarşılaşacaq.

Sözügedən komandaların ilk görüşü Azərbaycanda baş tutacaq. “Masazır Arena”da təşkil olunacaq qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Daniyar Saxi olacaq. Ona yan xətt hakimləri Samat Terqeussizov və Sergey Klaçyov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saken Baiymbet yerinə yetirəcək. VAR hakimi fransalı Bastyen Deçepi, VAR köməkçisi qazaxıstanlı Aidin Tassabayev olacaqlar.

Ötən mövsümdə Azərbaycan Premyer Liqasında uğursuz çıxış etsə də, tarixində ilk dəfə ölkə kubokunu qazanmaqla Avroliqaya vəsiqə əldə etmiş “bayquşlar” üçün “Çelye” ilə görüş də tarixi əhəmiyyət kəsb edir. Belə ki, təmsilçimiz tarixində ilk dəfə Avropa Liqasında mübarizə hüququ qazanıb.

Yayda rusiyalı mütəxəssis Vasili Berezutski ilə yollarını ayırmış qəsəbə təmsilçisi onu başqa bir əcnəbi məşqçi ilə əvəz edib. “Çelye” ilə oyun litvalı Valdas Dambrauskas üçün də xüsusi əhəmiyyət daşıyır. Belə ki, o, yeni komandasının sükanı arxasında ilk rəsmi oyuna çıxacaq.

Xatırladaq ki, “Sabah”la “Çelye” arasındakı cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.

Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)
10 iyul

20:00. Sabah – Çelye
Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Klaçyov, Saken Baiymbet (Qazaxıstan).
Masazır. “Masazır Arena”.

Chosen
28
arena.az

1Sources