EN

Astara Gömrük İdarəsinin inspektoruna hökm oxundu

Astara Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Həsən Bəkirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla ona 2 il müddətinə islah işləri cəzası təyin olunub.


İttihama görə, Həsən Bəkirov Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru vəzifəsində işləyib. O, o, vəzifəli şəxs kimi qeyrisinin təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, vəzifəli şəxs qismində qeyrisinin təhriki ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törədib.


İstintaq dövründə Həsən Bəkirovun barəsində əsas qətimkan tədbiri kimi polisin nəzarəti altına vermə, əlavə qətimkan tədbiri kimi vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov 

Tarix: 10 İyul 2025, 08:10   
Chosen
17
2
pravda.az

10Sources