EN

Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...


Hüseyn İbrahimov: “İsrail ABŞ-la birlikdə zənginləşmiş uranı da ələ keçirə bilər”

Moskva İranda uranın tükənməsi üçün öz imkanlarını təqdim etməyə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Bildirib ki, Rusiya uranın tükənməsi üçün texnoloji imkanlara malikdir və İrana öz xidmətlərini göstərməyə hazırdır.

O qeyd edib ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) qəbulu zamanı müzakirə edildiyi kimi, Rusiyanın uranın tükənməsi ilə bağlı xidmətlərində onun enerji məqsədləri üçün, xüsusən də atom elektrik stansiyalarında istifadə üçün lazım olan səviyyəyə çatdırılması imkanları nəzərə alınıb.

Lavrov daha sonra bunları qeyd edib: “Birləşmiş Ştatlar bu birgə hərtərəfli proqramdan birtərəfli qaydada çıxdıqdan sonra İranın zənginləşdirməni məhdudlaşdırmaq öhdəliyi yox idi. Biz sadəcə xatırlatdıq ki, bizim belə texnoloji imkanlarımız var və biz onları təmin etməyə hazırıq. Həddindən artıq zənginləşdirilmiş uranı Rusiyada emal üçün götürüb, enerji ilə zənginləşdirilmiş uranı isə öz nüvə enerji obyektləri üçün İslam Respublikasına qaytarmağa hazırıq”.

Belə görünür ki, Rusiya İranın zənginləşmiş uran qalıqlarının ABŞ-ın əlinə düşə bilməsindən narahatdır.

“Nəzərə almaq lazımdır ki, İrana endirilən hava zərbələri həm də Rusiyaya zərər vurdu”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, Rusiyanın bu dərəcədə narahat olması üçün müəyyən əsas var: “Bəli, Rusiya İranın zənginləşmiş uran qalıqlarının, sentrifuqaların ABŞ-ın əlinə keçməsindən narahatdır. Çünki Rusiya 12 günlük İsrail-İran müharibəsində bu ölkənin zəif tərəflərini kifayət qədər gördü. Məlum oldu ki, İsrail kəşfiyyatı MOSSAD İranda güclü agentura şəbəkəsi yaradaraq çox dəqiq şəkildə ali hərbi rəhbərlərin, o cümlədən, strateji obyektlərin yerini müəyyən edib. İrana endirilən dəqiq zərbələr bunu sübut etdi. Bu, hələ məsələnin bəlli olan tərəfləridir. Heç şübhəsiz, burada ictimaiyyətə məlum olmayan məqamlar da az deyil. Əgər İsrail İran kimi böyük, birbaşa quru sərhədi olmayan ölkədə belə agentura şəbəkəsi yarada bilirsə, deməli ABŞ-la birlikdə zənginləşmiş uranı da ələ keçirə bilər. Ona görə Rusiya bu qədər narahatdır. Çalışır ki, zənginləşmiş uran Rusiyaya ötürülsün və bununla bağlı lazım olan komponentləri nəzarət altında saxlasın. Nəzərə almaq lazımdır ki, İrana endirilən hava zərbələri həm də Rusiyaya zərər vurdu. Çünki İranın dinc məqsəd üçün nüvə obyektlərinin inşasında Rusiya fəal iştirak edirdi. Ona görə də bütün bu baş verənlərdən itirən tərəf həm də Rusiya idi”.

Vidadi ORDAHALLI

Chosen
17
baki-xeber.com

1Sources