EN

Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir


Bu günlərdə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bildirib ki, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi yumşalıb. Onun sözlərinə görə, Ermənistan əvvəllər Zəngəzur dəhlizinə qarşı olsa da, iqtisadi inteqrasiyaya qoşulmaq üçün indi daha yumşaq mövqe sərgiləyir.

Bununla belə, Türkiyə lideri hansı yumşalmadan söhbət getdiyinə aydınlıq gətirməyib.

Türkiyə prezidenti onu da deyib ki, Zəngəzur dəhlizi regionun inkişafı üçün vacib məqamdır. Onun sözlərinə görə, bu, sadəcə Azərbaycan üçün deyil, Ermənistan, Türkiyə, İran və digər ölkələr üçün də bir fürsətdir: “Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin strateji inkişafına da imkan yaradacaq. Zəngəzur dəhlizi dəmir yol sistemini də özündə birləşdirir. Orta Dəhliz bütün gücünü Zəngəzur xəttindən alır. Orta Dəhlizin Zəngəzur xətti ilə birləşməsi və birləşdikdən sonra yük və sərnişin daşınmasında yer alması çox önəmlidir”. Orta Dəhliz ticarət məqsədilə Çindən Avropaya uzanan və quru yolu ilə daşımaları nəzərdə tutan layihədir. Ermənistanda hakim fraksiyanın katibi Artur Ovanesyan jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın öz ərazi bütövlüyü və suverenliyinə dair məsələdə heç bir ölkəyə güzəştə getməyəcəyini xatırladıb. Ərdoğanın fikirlərinə cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “Armenpress” agentliyinə açıqlamasında qeyd edib ki, kommunikasiyaların açılması ilə bağlı danışıqlar davam edir və İrəvan bu prosesdə nəqliyyat yolları üzərində milli yurisdiksiyasını əsas götürür.Əslində, Azərbaycan da Zəngəzur dəhlizi məsələsində Ermənistana qarşı hansısa ərazi iddia ortaya qoymur. Bakı sadəcə Azərbaycan sərişinləriin və yüklərinin bu dəhlzidə yoxlanmasına qarşıdır. Hazırda məsələ ilə bağlı Ermənistanda müxtəlif fikirlərə rast gəlinir. Müxalif "Hayastan" fraksiyasının deputatı Geqam Manukyan hakimiyyəti gizli razılaşmalar əldə etməkdə və bunları cəmiyyətə açıqlamamaqda günahlandırıb: “Bir neçə dəfə şahidi olmuşuq ki, hansısa razılaşma barədə ilk xəbəri Bakıdan və ya Ankaradan alırıq. Ermənistan hökuməti isə bu məlumatları dolaşıq şəkildə təsdiqləyir. İndi də ehtimal olunur ki, yaxın günlərdə Sünikdən keçəcək yol ilə bağlı təhlükəli bir razılaşma açıqlana bilər.” Müxalif “Şərəfim var” fraksiyasının katibi Tiqran Abrahamyan da hökuməti sərt tənqid edib. O bildirib ki, Ermənistan diplomatik mövqelərini itirib və Türkiyəyə regionda vasitəçilik rolu verib: “Ermənistan hakimiyyəti uzun müddətdir Azərbaycanla aparılan danışıqlarda Türkiyənin mövqeyini gücləndirir. Bu isə Ankaranın maraqlarına uyğun siyasətin irəliləməsinə şərait yaradır”. Bu arada Ermənistanda narahatlıq yaradan daha bir məsələ Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək görüşüdür.

Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Ehtimallara görə, burada sülh müqaviləsi ilə yanaşı, Zəngəzur dəhlizi də əsas müzakirə predmetlərindən birinə çevriləcək. Bu dəhlzin açılması Ermənistan üçün də indi böyük əhəmiyyət kəsb edir. Azərbaycan da Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı addım atmağı gözləyir. Bu günlərdə Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə qeyd edib ki, Ermənistanın “sülh kəsişməsi” təşəbbüsü həddindən artıq məhdud və gec yanaşmadır: “Azərbaycan əraziləri işğal altında olarkən biz bağlantını münaqişənin həlli prosesinin bir hissəsi kimi müzakirə etdik. İndi münaqişə həll olunub. Biz regionda tam təhlükəsizlik və sabitlik yaratmışıq. Ermənistan regional müzakirələrin və əsas nəqliyyat əlaqələrinin bir hissəsi ola bilər. Hazırda Ermənistanla da müzakirə aparırıq. Regionda hər hansı bir marginalizasiya və təcrid niyyətimiz yoxdur, ancaq həm də Ermənistandan müəyyən gözləntilərimiz var”. H.Hacıyev diqqətə çatdırıb ki, 30 il ərzində Ermənistan Azərbaycanın Naxçıvan bölgəsini blokada altında saxlayıb: “İndi biz gözləyirik ki, Ermənistan ilk vacib addımı atsın. Bu addım Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistanda dəhliz sözünə qarşı müəyyən qıcıqlanma hiss edirlər. Mən həmişə zarafatla deyirəm ki, Azərbaycanın bütün ərazisinin dəhliz olmasını istərdim. Yaxşı, buna nə istəyirlərsə desinlər, amma biz ilk növbədə Naxçıvana bağlantı istəyirik, çünki 30 il ərzində biz bu imkandan məhrum olmuşuq. Naxçıvana əlaqə yarandıqdan sonra düşünürəm ki, Ermənistan üçün də başqa imkanlar açıla bilər. Biz Ermənistanı da regional nəqliyyatın bir hissəsi kimi görmək istəyirik”. Belə olan halda Naxçıvanın ərazi baxımından anklav mahiyyətindən çıxması realalşır. Dəhliz Azərbaycan üçün böyük siyasi, coğrafi və iqtisadi əhəmiyyət daşıyır. Digər tərəfdən isə bütün region ölkələri, o cümlədən dəhlizin keçəcəyi Ermənistan və İran üçün böyük iqtisadi potensialı reallaşdırmaqdan ötrü beynəlxalq imkandır. Bu günlərdə isə Karnegi Fondu diplomatik mənbələrə istinadən məlumat yayıb ki, ABŞ prezidenti Donald Trampın administrasiyası İrəvan və Bakını Ermənistan ərazisindən Azərbaycanın Naxçıvanına birləşdirən yolun açılmasını təklif edib. Bütün bunlar Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı siyasətinin dəyişməsinə təsir edir.

Samirə SƏFƏROVA

Chosen
18
baki-xeber.com

1Sources