EN

Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...


Ramil Məmmədli: “Trampın Bayden qədər Ukraynaya güclü hərbi yardım edəcəyi real görünmür”

ABŞ-nin Müdafiə Nazirliyi Amerika administrasiyasının Ukraynaya əlavə müdafiə silahları ötürmək planlarını təsdiqləyib. Bu barədə ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib.

“Prezident Trampın göstərişi ilə Müdafiə Nazirliyi dayanıqlı sülhə nail olmaq və ölümləri dayandırmaq üçün çalışarkən ukraynalıların özlərini müdafiə edə bilmələrini təmin etmək məqsədilə Ukraynaya əlavə müdafiə silahları göndərir”, - o deyib.

Bundan əvvəl Tramp ABŞ-nin Ukraynaya silah tədarükünü davam etdirəcəyini bildirib.

Maraqlıdır, həqiqətənmi Tramp administrasiyası Ukraynanı lazım olan silahlarla bundan sonra təmin edəcək, yoxsa bu, taktiki siyasi gedişdir?

“Onun bu məsələdə qətiyyətli mövqe sərgiləyəcəyinə şübhə ilə yanaşıram”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Trampın Bayden qədər Ukraynaya güclü hərbi yardım edəcəyi real görünmür: “Baxmayaraq ki, Putin açıq şəkildə qarşıya qoyduğu məqsəddən geri çəkilməyəcəyini bəyan edib. Tramp ilk dövrdə Ukrayna prezidenti Zelenskini güzəştə məcbur etməyə cəhd etdi. Hesab edirdi ki, zəif olan tərəfi güzəştə məcbur etmək müharibənin daha tez dayandırılmasına gətirib çıxaracaq. Ancaq onun bu cəhdi əks effekt verdi. Avropa İttifaqının aparıcı dövlətləri başda olmaqla, əksər üzv ölkələr Ukraynanın yanında olduğunu bəyan etdi. Sonra elə oldu ki, Ukrayna Birləşmiş Ştatların atəşkəs təklifini qəbul etdi, amma Rusiya bundan imtina etdi. Bunu onunla əsaslandırdı ki, atəşkəs Ukraynanın toparlanmasına gətirib çıxaracaq. Buna baxmayaraq, yenə Tramp Ukraynaya təzyiq göstərdi. Konqresin Rusiyaya qarşı hazırladığı sanksiyalar paketinin qəbul edilməsini təxirə saldı. Ən nəhayət, Trampın Putinlə 6-cı danışığından sonra məlum oldu ki, Rusiya dayanmaq fikrində deyil. Rusiya nəinki Donbası, bütün Ukraynanı ələ keçirmək istəyir. Ona görə də Tramp Ukrayna məsələsində Rusiyaya qarşı mövqeyini bir qədər sərtləşdirir. Tramp Ağ Evdə keçirdiyi iclasda bəyan edib ki, Rusiya prezidenti Putindən narazıdır və Ukraynadakı müharibəni dayandırmaq istəmədiyinə görə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir. Qeyd edib ki, bir qrup senator tərəfindən Rusiyaya qarşı hazırlanmış yeni sanksiyalar haqqında qanun layihəsini öyrənir. Trampın sözlərinə görə, həmin sənədin qəbul edilməsi onun bu məsələ ilə bağlı rəyindən asılı olacaq. Tramp həm də ona görə belə bir fikirlə çıxış edib ki, ictimai reytinqi aşağı düşür. Belə bir şəraitdə o, əvvəlki kimi Rusiya ilə bağlı yumşaq siyasət yeritsə, proseslər onun əleyhinə işləyəcək. Görək Ukraynanı silahlandırmaqla bağlı vədinə nə dərəcədə sadiq qalacaq. Onun bu məsələdə qətiyyətli mövqe sərgiləyəcəyinə şübhə ilə yanaşıram”.

Vidadi ORDAHALLI

Chosen
13
baki-xeber.com

1Sources