EN

Suçiçəyi ilə bağlı bilmədikləriniz: “Ömürlük immunitet qazanmaq üçün…”

“Azərbaycanda suçiçəyinə yoluxma hallarında artım müşahidə olunur”.

Bu barədə KONKRET.az-a açıqlamasında professor Adil Qeybulla deyib:

Adil Qeybulla

Onun sözlərinə görə, suçiçəyi viruslar qrupuna aid yoluxucu xəstəlikdir və əsasən immun sistemi zəif olan uşaqlarda müşahidə olunur:

“Bu xəstəlik həm suçiçəyi, həm də bədənin, xüsusilə, gövdənin yan hissələrində göynəmə ilə müşayiət olunan səpkilərdən ibarət xəstəlikdir. Uşaqlar bu xəstəliyi keçirdikdən sonra ömürlük immunitet qazanırlar. Lakin 18 yaşdan yuxarı şəxslər bu virusa yoluxduqda xəstəliyi daha ağır keçirirlər. Çünki virus immun sisteminə ciddi təsir göstərir və bərpası bəzən bir ilə qədər vaxt aparır”.

Professor bildirib ki, suçiçəyinə qarşı peyvənd mövcuddur və peyvənd olunan şəxslər xəstəliyə yoluxsalar belə, onu yüngül keçirirlər:

“Peyvənd olunmuş şəxslərdə ağırlaşmalar az olur. Lakin ümumilikdə, suçiçəyi keçirən insanlarda ömürlük immunitet yaranır və təkrar yoluxma nadir hallarda müşahidə edilir”.

Adil Qeybullanın sözlərinə görə, suçiçəyi yüksək dərəcədə yolxucudur:

“Əgər bir şəxs bu virusa yoluxursa, qısa zamanda geniş əraziyə yayıla bilər. Amma çox sayda insanda immunitet mövcud olduğu üçün xəstəlik böyük bir arealı əhatə etmir”.

Professor vətəndaşlara Milli Peyvənd Təqvimində nəzərdə tutulan peyvəndləri vurdurmağı və mümkün qədər qoruyucu tədbirlərə əməl etməyi məsləhət görüb.

Aynurə İsmayıl,

KONKRET.az

Chosen
15
1
konkret.az

2Sources