EN

Ukraynada gizli sənədləri oğurlamağa cəhd edən casuslar həbs edilibFOTO

Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı Kiyevdə Ukrayna istehsalı olan RK-360MC «Neptun» raket kompleksi ilə bağlı gizli sənədləri oğurlamağa cəhd edən iki Çin vətəndaşını saxlayıb.

Xezerxeber.az bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin “Telegram” kanalında məlumat yayılıb. 

Casuslardan biri Kiyevdəki texniki universitetlərdən birinin 24 yaşlı keçmiş tələbəsidir. O, 2023-cü ildə akademik uğursuzluğa görə universitetdən xaric edildikdən sonra Ukraynanın paytaxtında qalmağa davam edib.

Digər şəxs isə keçmiş tələbənin atasıdır. O, Çində yaşasa da, vaxtaşırı Ukraynaya gələrək oğlunun casusluq fəaliyyətini şəxsən koordinasiya edib.

İstintaqın məlumatına görə, keçmiş tələbə Ukrayna Silahlı Qüvvələrinin ən yeni silahlarının hazırlanması ilə bağlı məlumatlı olan bir ukraynalını ələ alaraq «Neptun» raketlərinin istehsalına dair texniki sənədləri əldə etməli idi.

“Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı casusu hələ kəşfiyyat fəaliyyətinin ilkin mərhələsində ifşa edib və onu gizli sənədlər ötürülərkən “iş başında” yaxalayıb. Növbəti mərhələdə isə həmin məlumatları Çin Xüsusi Xidmətlərinə çatdırmalı olan atası saxlanılıb”, – deyə Ukrayna Təhlükəsizlik Xidməti əlavə edib.

Axtarışlar zamanı hər iki şəxsin casusluq fəaliyyətini koordinasiya etdiyi telefonlar müsadirə olunub.

Hər iki Çin vətəndaşına Ukrayna Cinayət Məcəlləsinin 114-cü maddəsinin 1-ci bəndi ilə casusluq ittihamı irəli sürülüb. Onları 15 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, «Neptun» Ukraynanın “Luç” Dövlət Konstruktor Bürosu tərəfindən yaradılmış ortamənzilli gəmi əleyhinə raket kompleksidir. Kompleks 2020-ci ildə rəsmi olaraq silahlanmaya qəbul edilib. Sistemin əsasını təşkil edən R-360 raketinin uçuş məsafəsi 300 km-ə qədərdir və həm dənizdəki, həm də bəzi quru hədəflərini vurmaq qabiliyyətinə malikdir.

  • Ukraynada
Chosen
15
xezerxeber.az

1Sources