EN

“Bu, terrorçu rejimə dəstəkdir” – Zaxarova SƏRT DANIŞDI

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynaya silah tədarükünü kəskin tənqid edib. O, bu prosesi “terrorçuları qaşıqla qidalandırmaq”la müqayisə edib.

KONKRET.az xəbər verir ki, Zaxarova həftəlik brifinq zamanı bildirib ki, Ukraynaya silah göndərilməsi ilə bağlı yayılan məlumatlar, xüsusən də bəzi Teleqram kanallarında yer alan iddialar diqqətlə araşdırılır. Söhbət, SVO-nun (Xüsusi Hərbi Əməliyyat) başlamasından sonra “Ukrspetsexport” ilə Azərbaycan arasında bağlanmış müqavilələrlə əlaqədar yayılan sənədlərdən gedir.

“Ukraynada nəyisə təsvir edən bəzi Teleqram kanallarına etibar edə bilmərik. Amma ümumilikdə, hansısa ölkə, istər dövlət səviyyəsində, istərsə də özəl biznes Kiyev rejimini silahla təmin edirsə, bizim bu məsələyə münasibətimiz aydındır. Bu, terrorçu rejimə dəstəkdir”, – deyə Zaxarova vurğulayıb.

O əlavə edib ki, əgər söhbət Rusiyanın etibarlı tərəfdaş və ya müttəfiq hesab etdiyi ölkələrdən gedirsə, Moskva belə məsələləri dərhal müzakirə gündəminə çıxarır, qarşı tərəfdən izahat və ya təkzib tələb edir.

Zaxarova, həmçinin qeyd edib ki, Ukraynaya göndərilən silahların bir çoxu sonradan yenidən satılır və qeyri-müəyyən istiqamətdə yayılaraq regional və beynəlxalq sabitliyə təhlükə yaradır.

“Biz bu kimi hallarda zərərin minimuma endirilməsi üçün addımlar atmağa çalışırıq”, – deyə o, əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
13
konkret.az

1Sources