EN

Qusarda biçin kampaniyasına 70-ə yaxın kombayn cəlb olunub

Qusar, 9 iyul, Elxan Yusifli, AZƏRTAC

Şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Qusarda biçin kampaniyası sürətlə davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə yeni kombaynlar cəlb olunub. Ümumilikdə, rayon üzrə biçin kampaniyası 70-ə yaxın taxılbiçən kombayn vasitəsilə aparılır.

Qusarlı təsərrüfatçılar taxılın builki məhsuldarlığının qənaətbəxş olduğunu bildirirlər.

“İyunun 17-dən rayonumuzda taxıl biçini başlayıb. Bizim arpa sahələrində biçin artıq başa çatıb. İndi buğdanı yığırıq. Məhsuldarlıq bizi qane edir. Arpa sahələrinin hər hektarından 28-30 sentner məhsul götürmüşük. Ötən iki ildə hava şəraiti qeyri-sabit keçmişdi deyə, zərərimiz olmuşdu. Bu il isə yazda rütubətli hava oldu. İndi də biçin vaxtı uyğun havadır. Taxıl üçün hava şəraiti olduqca vacibdir. Hər il eyni aqrotexniki qulluğu edirik. Amma məhsuldarlıqda qulluqla yanaşı, hava şəraitinin də böyük rolu olur”,, - deyə qusarlı fermer Jalə Əmirbəyova söyləyib.

Təsərrüfatçı Şakir Pənahov isə bildirib ki, qusarlı fermerlər əsasən yerli iqlim şəraitinə uyğun taxıl sortlarını becərməyə üstünlük verirlər: “Məhsuldarlıq yaxşıdır. İndi yığım aparılır. Kombayn sarıdan çətinlik çəkmirik. Aran rayonlarında biçin başa çatdığından oradakı kombaynlar indi şimal rayonlarına cəlb olunub. Hava şəraiti münasib olsa, buğda sahələrində də biçini qısa müddətdə itkisiz başa vuracağıq”.

Qusarda bu ilin məhsulu üçün 10 min 650 hektar arpa, 9 min 60 hektar buğda əkilib. Arpa sahələrində biçin yekunlaşmaq üzrədir.

Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günə kimi rayonun taxıl zəmilərində 8 min 470 hektar sahədə biçini yerinə yetirilib.

“Taxıl sahələrində yanğın riskinin minimuma endirilməsi məqsədilə qabaqlayıcı tədbirlər gücləndirilib, əkin sahələrində su təminatı, texnika hazırlığı və təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı fermerlərlə maarifləndirici görüşlər keçirilib. Taxıl zəmilərinin 43 faizində biçin başa çatdırılıb. Ümumilikdə bu günə kimi 6 min 580 hektar arpa biçilib. Arpa biçini hazırda yekunlaşmaq üzrədir. Buğda sahələrində isə biçinə yeni başlanılıb. Artıq 1890 hektar sahə biçilib. Bu sahələrdən 24 min tondan artıq məhsul toplanıb. Hazırda Qusar rayonunda taxıl üzrə orta məhsuldarlıq hər hektara görə 28,1 sentner təşkil edir”, - deyə Rauf Minhacov söyləyib.

Rayonuda biçinin iyul ayının sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Chosen
42
1
azertag.az

2Sources