EN

Xocalı və Ağdərəyə daha 6 min köçkün qayıdacaq - ŞƏRH

2025-ci ilin köç planına əsasən, Ağdərə və Xocalı rayonlarının ümumilikdə 16 yaşayış məntəqəsində tikinti-bərpa işləri aparılır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Xankəndidə keçirilən diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsində məlumat verib.

Qəhrəmanov bildirib ki, növbəti mərhələdə Xocalı rayonunun Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad və Şuşakənd kəndlərinə, eləcə də Ağdərə rayonunun Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Dəmirli, Çapar və Aşağı Oratağ kəndlərinə əhalinin köçürülməsi nəzərdə tutulur.

Bərpa işləri tamamlandıqdan sonra, könüllülük prinsipi əsasında təxminən 6 minə yaxın keçmiş məcburi köçkünün bu kəndlərə mərhələli şəkildə qayıdışı təmin ediləcək.

O əlavə edib ki, artıq Xocalı şəhəri və Ballıca kəndinə, Ağdərə rayonunun Suqovuşan, Həsənriz və Talış kəndlərinə bir qrup keçmiş məcburi köçkünün qayıdışı həyata keçirilib. Hazırda gələcək illəri əhatə edən yeni köç planlarının hazırlanması istiqamətində də işlər davam etdirilir.

Ağdərə və Xocalı rayonlarının 16 kəndində aparılan genişmiqyaslı tikinti və bərpa işləri Qarabağın tamhüquqlu dirçəlişi prosesində yeni mərhələnin başlanğıcını simvolizə edir. 2025-ci il üçün nəzərdə tutulan köç planı çərçivəsində təqribən 6 minə yaxın keçmiş məcburi köçkünün könüllü şəkildə ata-baba yurdlarına qayıtması təkcə məskunlaşma aktı deyil, milli yaddaşın fiziki məkanda bərpasıdır.

Xocalının Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd və digər kəndlərindən, Ağdərənin isə Heyvalı, Kolatağ, Aşağı Oratağ kimi kəndlərindən bir vaxtlar qoparılan insanlar indi infrastrukturla yanaşı, ümidlərini də yenidən qururlar. Dövlətin bu prosesə yanaşması -könüllülük prinsipinin qorunması, planlı və mərhələli strategiyanın tətbiqi, tikinti ilə yanaşı sosial reabilitasiyanın da nəzərə alınması – müasir postmünaqişə idarəçiliyinin uğurlu nümunəsi sayılmalıdır.

Qeyd edilməlidir ki, artıq bir sıra kəndlərə - Xocalı şəhəri, Ballıca və Suqovuşan da daxil olmaqla – həyat geri dönüb. Bu faktlar təkcə statistik hesabat kimi yox, Qarabağda yeni həyatın başladığını təsdiqləyən real göstəricilərdir. Köç planlarının şəffaf şəkildə tərtib olunması və diplomatik auditoriyada təqdim edilməsi isə bu prosesi həm yerli, həm də beynəlxalq səviyyədə legitimləşdirir.

Chosen
29
aznews.az

1Sources