Xəbər verdiyimiz kimi, həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalan yenidən təşkilata müraciət edib.
Publika.az xəbər verir ki, bu dəfə o, təşkilatın silahlı fəaliyyətinə son qoyması və bu istiqamətdə konkret addımlar atması üçün “mexanizmlərin qurulması” çağırışını irəli sürüb.
Öcalanın bu bəyanatı DEM Partiyasının nümayəndə heyəti ilə keçirdiyi görüşdən sonra yayılıb. Həmin görüş zamanı çəkildiyi bildirilən və mediada yayılan sonuncu fotoşəkildə Öcalanın heyətlə birlikdə görüntüsü yer alıb. Bu foto, uzun müddətdən sonra onun mediada yayımlanan ilk görüntüsü kimi dəyərləndirilir.
Fotoşəkildə Öcalan DEM Partiyasının nümayəndələri ilə bir masa arxasında əyləşmiş halda görünür. Görüntünün nə vaxt çəkildiyi dəqiq açıqlanmasa da, bu foto onun İmralı həbsxanasında olduğu son vəziyyəti əks etdirməsi baxımından diqqət çəkir.
Abdullah Öcalanın yanında onunla birgə saxlanılan məhkumlar Ömər Hayri Konar, Hamili Yıldırım və Veysi Aktaş yer alır. Görüntüdə həmçinin DEM Partiyasının həmtəmsədr Tuncer Bakırhan, Pervin Buldan, Ahmet Türk və digər nümayəndələri də əks olunub.