EN

Türkiyənin nüvə layihəsi sürətlənir: İsrail mediası Ankaranın regionda nüvə ambisiyalarından narahatdır

Musavat.com xəbər verir ki, İsrail mərkəzli “Israel Hayom” qəzeti Türkiyənin Akkuyuda inşa etdiyi və bu il istifadəyə verilməsi planlaşdırılan nüvə enerji stansiyası layihəsi ilə bağlı narahatlıq doğuran məqalə yayımlayıb.

Məqalədə bildirilir ki, Türkiyə yalnız nüvə enerji istehsalı ilə kifayətlənmək niyyətində deyil, müstəqil uran zənginləşdirmə proqramı qurmağa çalışır. İsrail mediasına görə, bu, gələcəkdə Ankaranın nüvə silahı əldə etməsinin qarşısını alan beynəlxalq mexanizmləri zəiflədə bilər və region üçün yeni təhlükəsizlik dilemması yaradacaq.

Qəzet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ 2019-cu ildə səsləndirdiyi bir bəyanatı da xatırladır. Ərdoğan o zaman demişdi:

“İsrailin nüvə silahı varsa, Türkiyənin sahib olmasının qadağan edilməsini qəbul edə bilmərik.”

“Israel Hayom” iddia edir ki, Türkiyənin bu istiqamətdə addımları İranın nümunəsini xatırladır. Tehran uzun illərdir uran zənginləşdirmə proqramı ilə bölgədə hərbi və siyasi təsir imkanlarını genişləndirməyə çalışır. Məqalədə Türkiyənin də oxşar strateji hədəflər güddüyü irəli sürülür.

Bundan əlavə, Türkiyənin HƏMAS başda olmaqla bir sıra qruplaşmalara siyasi və logistik dəstək verdiyi xüsusi vurğulanır. İsrail mediası hesab edir ki, bu dəstək regionda sabitliyi daha da pozur və İsrail üçün birbaşa təhlükə yaradır.

Qəzet həmçinin qeyd edir ki, Osmanlı imperiyasının süqutundan sonra Türkiyə ilk dəfə bu qədər açıq şəkildə regional hegemonluq iddiaları ilə çıxış edir. Bu isə İsrail üçün əlavə strateji narahatlıq mövzularından biri sayılır.

Beləliklə, Türkiyənin Akkuyu nüvə layihəsi və Ankara rəhbərliyinin sərgilədiyi mövqelər regionda mövcud güc balansına yeni təzyiqlər gətirir. İsrail mediası bunun gələcəkdə daha ciddi siyasi və təhlükəsizlik gərginliklərinə yol aça biləcəyini istisna etmir.

 

Musavat.com

Chosen
9
1
musavat.com

10Sources