“Sumqayıt” klubunun yeni baş məşqçisi Saşa İliç mətbuat konfransında ilk təəssüratlarını və qarşıdakı hədəflərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, serbiyalı mütəxəssis klub rəhbərliyi ilə ilk görüşünü Serbiyanın paytaxtı Belqradda keçirdiyini bildirib:
“Riad Rəfiyev mənə klubun gələcək planlarını izah etdi. Daha sonra Sumqayıta gəldim və müqaviləyə imza atdım. İnfrastruktur məni tam qane etdi.”
47 yaşlı mütəxəssis bildirib ki, Azərbaycanda çıxış edən monteneqrolu və serbiyalı futbolçulardan Premyer Liqa haqqında ilkin məlumatlar alıb. Onun sözlərinə görə, əsas məqsəd qısa müddətdə güclü kollektiv formalaşdırmaqdır:
“Hal-hazırda komandada 16-17 futbolçu var. Rəhbərliklə birlikdə çalışaraq tezliklə komplektləşmiş heyət formalaşdırmaq istəyirik. Ortada 1 illik müqavilə var. Bu müddətdə uğurlu nəticələr göstərsək, gələcəkdə əməkdaşlığı davam etdirmək mümkündür.”
Saşa İliç “Sumqayıt”ın ötən mövsüm qeyri-sabit çıxış etdiyini vurğulayıb və yeni mövsüm üçün əsas hədəfin avrokuboklara vəsiqə qazanmaq olduğunu açıqlayıb:
“Futbol kollektivi və fərdi çıxış çox önəmlidir. Əsas vəzifəm komandada uyğun ab-hava və balans yaratmaqdır.”
Serbiyalı mütəxəssis daha əvvəl çalışdığı klublardakı qısa müddətli fəaliyyətinə də aydınlıq gətirib. O, “Pari NN”, “Atromitos” və MOİK (Sofiya) komandalarında əldə etdiyi nəticələrin rəhbərliyin qoyduğu hədəflərlə üst-üstə düşdüyünü qeyd edib:
“Müasir futbolda bir komandada bir mövsümdən artıq qalmaq çətinləşib. Amma harda çalışmışamsa, qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə nail olmuşam.”