EN

Məşhur ixtiraçı Nikola Tesla həyatımızı necə asanlaşdırdı?

7 yanvar 1943-cü ildə vəfat edən Nikola Teslanın ixtiraları, bu məqalənin oxuduğunuz cihaz vasitəsilə sizə çatdırılmasına kömək edib.

Tarixçi və film istehsalçısı Maykl Krauze BBC-yə belə deyib:

“Teslanı yalnızca elektrikin və ya qlobal ünsiyyətin atası kimi görmürəm. Onun fikirləri dövründən çox irəlidə idi. O, insanlığın inkişafına töhfə verən vizyoner bir şəxs idi”.
1890-cı illərin sonlarında Tesla, yeni icad etdiyi transformatoru təqdim etmək üçün əlində parlayan borularla Nyu-Yorkdakı Kolumbiya Kollecinin səhnəsində gəzişərkən, dünya hələ də zülmət içində idi.

Tarixçi İvan Ris Morus Teslayla bağlı kitabında yazır:

“O dövrdə elektrik gələcəyin məhsulu sayılırdı və əksər insanlar onun necə işlədiyini anlamaq üçün nümayişlərə getməli olurdular”. Amma bu vəziyyət tezliklə dəyişəcəkdi.

Valyuta.az Nikola Tesla haqqındakı əsas məlumatları təqdim edir:

Parlaq işıqların axtarışında

Nikola Tesla 1856-cı ildə Avstriya İmperiyasının ərazisində, bu gün Xorvatiya sərhədləri daxilində olan Smilyan kəndində doğulub.

“Yeni Dünya”nın - Amerikanın parlaq işıqları uğrunda yola çıxanda hələ gənc idi.
O, 1884-cü ildə məşhur ixtiraçı və iş adamı Tomas Edisonun yanında işləmək üçün Nyu-Yorka getdi.

Krauze deyir ki, Tesla köhnə dünyadan çıxaraq, müasir dövrün qəhrəmanlarından birinə çevrildi.

Digər bir bioqraf Inez Uhitaker Hant qeyd edir ki, elektrik və maşın mühəndisi olan Tesla Amerika torpaqlarına ayaq basanda cibində cəmi bir neçə sent və bir uçan maşın layihəsi var idi. Lakin onu məşhur edən bu layihə yox, uzun illərdir üzərində çalışdığı alternativ cərəyan mühərrikləri oldu.

ABŞ-a tam zamanında gəlmişdi. Dünya inkişaf edirdi və daha çox enerjiyə ehtiyac vardı. Bu səbəbdən elektrik enerjisini güc maşınlarına çatdırmaq üçün ən effektiv üsulu tapmaq uğrunda yarış başlamışdı.

Edisonla yolların ayrılması

Amerikalı mühəndis və sahibkar Corc Vestinhouse ilə Tesla-nın müdiri Tomas Edison arasında, elektrik ötürülməsi üçün alternativ cərəyan (AC) və doğru cərəyan (DC) sistemləri arasında mübarizə gedirdi.

Edisonun şirkəti yalnız bir istiqamətdə və qısa məsafəyə hərəkət edən doğru cərəyana sərmayə yatırırdı. Halbuki alternativ cərəyan bir neçə istiqamətdə axır, daha uzun məsafələrə çata bilir, gərginlik artırılıb-azaldıla bilir. Beləliklə, daha geniş ərazilərə enerji ötürmək mümkün olurdu.

Tesla-nın bioqrafı Mark Sayfer BBC-nin “Witness” adlı tarixi podkastında belə deyir:

“Bu, at arabasını təyyarə ilə müqayisə etmək kimidir”.

Tesla Nyu-Yorka bir növ “təyyarə” ilə gəlmişdi. Avropada artıq AC ilə bağlı təcrübələr aparmışdı və 1883-cü ildə ilk induksiya mühərrikini yığmışdı.

Edison isə DC ötürməsində israrlı idi və yolları ayrıldı. Tezliklə Vestinhouse, Tesla-nın AC sistemlərinə dair patentlərini aldı. Tesla-nın dizaynı enerjini uzun məsafəyə və aşağı xərc ilə ötürməyə imkan verirdi və bu sistem bu gün də istifadə olunur.

Belqrad Nikola Tesla Muzeyinin kuratoru İvana Zoriç BBC-yə belə deyib:

“Biz hələ də alternativ cərəyan sistemindən istifadə edirik - elektrik enerjisinin istehsalı və ötürülməsi hələ də Tesla-nın ideyalarına əsaslanır”.

Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün hələ də ən aparıcı metod Tesla-nın sistemidir. Müasir elektrik cihazlarının çoxu onun ixtiralarına əsaslanır.

Zoriç əlavə edir:

“İnduksiya mühərrikləri o dövr üçün innovativ idi, amma bu gün də sənayedə, ev əşyalarında, hətta elektrik avtomobillərində istifadə olunur”.

Şoumen Tesla

Tesla 1891-ci ildə Tesla bobinini icad etdi. Bu cihaz elektrikin naqilsiz ötürülməsinə imkan verirdi. Bu gün də radio və televiziya kimi elektron cihazlarda istifadə olunur. İki il sonra Tesla və Vestinhouse Çikaqoda Avropanın Amerikaya səfərinin 400 illiyini qeyd edən sərgini işıqlandırdılar. Həmin gün Tesla bir ulduza çevrildi.

Zoriç deyir:

“İnsanlar onun ixtirasının gücünü başa düşəndə, ona Niagara şəlaləsində elektrik stansiyası qurmaq tapşırıldı”. Tesla dünyanın ilk hidroelektrik stansiyasını inşa etdi və bu layihə üçün istifadə olunan 13 patentdən 9-u ona məxsus idi.

Morus belə izah edir:

“İnsanlar Tesla-nın kim olduğunu bilirdilər və o da bunu yaxşı istifadə etdi”.

Tesla qısa müddətdə öz laboratoriyasını qurdu və naqilsiz ünsiyyət, enerji ötürülməsi ilə bağlı təcrübələr aparmağa başladı.

Morus deyir:

“O, böyük bir şoumen idi. Kabellərsiz dünya və pulsuz enerji ilə bağlı vizyonunu nümayiş etdirmək və bu gələcəyi təqdim edə biləcək şəxs kimi özünü tanıtmağa çalışırdı”.

                                                                                                                                                      Naqilsiz gələcək

Tesla naqilsiz siqnal ötürülməsi üzərində çalışmağa başlayanda, dünya hələ də mesajları naqillərlə göndərirdi. Onun ən böyük hədəfi qlobal ünsiyyət sistemini qurmaq idi. Hər kəsin hər yerdə daxil ola biləcəyi, qlobal video və səs əlaqəsi üçün naqilsiz sistem üzərində çalışırdı.
Lakin ona 1890-cı illərin əvvəllərindən bəri maliyyə dəstəyi verən amerikalı maliyyəçi J.P. Morgan bu dəstəyi geri çəkdi.

Krause qeyd edir:

“Təəssüf ki, onun ən böyük arzusu reallaşmadı - nə özü, nə də texnologiya o mərhələdə idi”.
Tesla daha sonra müxtəlif layihələr üzərində çalışdı, lakin çox vaxt maliyyəsiz idi. O, elmin və mühəndisliyin birgə əməkdaşlıq tələb etdiyini anlamadığı üçün fikirlərinin çoxu sadəcə qeydlərdə qaldı.

Morus deyir:

“Tesla böyük bir səhv etdi”.

“Elektrik gələcəyinə yalnız özünün çata biləcəyini düşünürdü. Heç kimlə əməkdaşlıq etmədi”.
Vaxt keçdikcə onun haqqında “başqa planetlərlə ünsiyyət qurur” kimi şayiələr yayıldı. Bu səbəbdən tənqid edildi, mikrobdan qorxan qəribə bir adam kimi tanındı.

Muzeyi Belqraddadır

Tesla 1943-cü ildə Nyu-Yorkda, ömrünün son 10 ilini keçirdiyi otel otağında vəfat etdi.
Zoriç bildirir ki, “1951-ci ildə Tesla-nın əşyaları bacısı oğlunun təşəbbüsü ilə Serbiyanın paytaxtı Belqrada gətirildi”. Onun kəşfləri, planları, rəsmləri və fotolarının nümayiş etdirildiyi Nikola Tesla Muzeyi 1955-ci ildə Belqradda açıldı. 1956-cı ildə maqnit sahələrinin gücünü ölçmək üçün istifadə olunan vahidə “tesla” adı verildi.

Serbiya və Xorvatiyada Tesla-nın şəkli pulların üzərində çap olunub, adı məktəblərə, küçələrə və hava limanlarına verilib. İnnovativ avtomobil istehsal etmək üçün yola çıxan "Tesla" şirkəti də adını ondan götürüb və 2018-ci ildə "SpaceX" tərəfindən Mars planetinə "Tesla" avtomobili göndərilib.

Bəs Tesla bu gün yaşasaydı, gələcək haqqında nə düşünərdi? Əsas sual isə budur...

Günay

Chosen
47
valyuta.az

1Sources