EN

BOKT-dan kredit götürənlərin nəzərinə

Bəzi hallarda vətəndaşlar kredit götürmək üçün banklara müraciət etsələr də, onların keçmişdə BOKT-dan borc almaları problem yaradır. Banklar belə müştərilərə kredit verməkdən imtina edə bilirlər. Bəs buna səbəb nədir? İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, hər kəsin kredit tarixçəsi Azərbaycan Kredit Bürosu tərəfindən aparılır. Banklar, bank olmayan kredit təşkilatları (BOKT-lar), eləcə də əhaliyə nisyə mal satan ticarət şəbəkələri borcla bağlı məlumatları bu büroya təqdim edirlər: “Məsələn, vətəndaş banka gedib kredit alırsa, bu barədə məlumat avtomatik olaraq Kredit Bürosuna göndərilir. Eyni proses bank olmayan kredit təşkilatından (BOKT) və ya mağazadan nisyə mal alındıqda da tətbiq olunur. Çünki kredit almağa müraciət zamanı bank və ya BOKT vətəndaşdan yazılı razılıq alır. Həmin razılıq əsasında onlar Kredit Bürosundan vətəndaşın kredit tarixçəsini əldə edirlər. Bu isə ona görə edilir ki, birincisi, vətəndaş əvvəllər götürdüyü kreditləri necə qaytarıb, gecikmələr olub, ya yox, buna baxılsın. Həmçinin vətəndaşın hazırda borcu varmı, varsa, onu vaxtında ödəyə bilməsi də qiymətləndirilir. Bütün bu məlumatlar əsasında qərar verilir ki, ona kredit verilsin, yoxsa verilməsin, veriləcəksə, nə qədər məbləğdə verilsin”. Ə.Həsənov qeyd edib ki, əgər bank vətəndaşın kredit götürməsini riskli hesab edirsə, ona kredit verməmək bankın tam hüququdur: “Vətəndaşın kredit tarixçəsi yaxşı ola, heç bir gecikməsi olmaya bilər. Amma eyni zamanda bir neçə borcu varsa və gəliri yalnız bu borcları ödəməyə çatırsa, bank düşünür ki, mən də indi bu vətəndaşa kredit versəm, o bu borcu necə qaytaracaq? Burada əsas məsələ “bu vətəndaşın artıq krediti var” düşüncəsi deyil. Bank sadəcə riskləri analiz edir. Özümüzü bankın yerinə qoysaq, bu yanaşma daha aydın olar. Məsələn, bir qohum və ya dost bizdən borc istəyir. Onun əvvəlki borc davranışlarını və indiki maliyyə vəziyyətini bilsək, qərar vermək daha asan olar. Bank da eyni prinsiplə hərəkət edir, yən qarşısındakı şəxsin maliyyə məlumatlarına baxır və bu əsasında qərar qəbul edir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
16
1
metbuat.az

2Sources