EN

Gələcəyin çiyələk ferması tikilib

“Dyson” şirkəti İngiltərənin Linkolnşir bölgəsində 10 hektarlıq sahədə yerləşən şaquli ferma inşa edib. Bu fermada 1 milyon 225 min çiyələk kolu yetişdirilir. Uzunluğu 760 metr olan nəhəng istixana anaerob reaktor vasitəsilə işləyir. Bu reaktor çiyələk tullantılarını qaz halına çevirir və həmin qaz turbinləri hərəkətə gətirərək elektrik enerjisi istehsal edir. Turbinlərin istehsal etdikləri elektrik enerjisi 10 min evin tələbatını ödəməyə kifayət edir. “Dyson” fermasında bu enerji istixananın qızdırılmasında istifadə olunur, tullantılar isə yaxınlıqdakı sahələrin gübrələnməsi üçün tətbiq edilir.

Çiyələyin suvarılması üçün istixananın damında toplanan və xüsusi anbarlara axıdılan yağış suyu istifadə olunur. İstixananın ətrafında hər biri 24 metr uzunluğunda və 5 metr hündürlüyündə olan nəhəng fırlanan “təkərlər” quraşdırılıb. Hər bir təkərin çəkisi, təxminən, 500 kq-dır. Çiyələk sıraları bu konstruksiyalara bərkidilib və onların yavaş fırlanması bitkilərin günəş işığı ilə bərabər şəkildə işıqlanmasını təmin edir. Rəflər arasındakı hissələrdə ultrabənövşəyi ampalı robotlar hərəkət edirlər. Bu robotlar bitkilərin yarpaqlarını ultrabənövşəyi şüa ilə işıqlandıraraq kifi məhv edirlər.

Digər cihaz isə bitkilərin üzərinə faydalı həşəratlar buraxır. Bu həşəratlar zərərvericilərlə qidalanırlar. Çiyələklər yetişdikdə, 16 ədəd robotlaşdırılmış “əl” hər bir giləni diqqətlə dərir. Robotlar təkcə 1 ay ərzində təxminən 200 min gilə çiyələk toplayır.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

1Sources