EN

Qazaxıstan ABŞ-yə ticarət rüsumları ilə bağlı konkret təkliflər göndərib

Qazaxıstan hökuməti gömrük rüsumlarının 25 faiz artırılması ilə əlaqədar qarşılıqlı ticarət şərtlərinin yaxşılaşdırılması məqsədilə ABŞ administrasiyasına konkret təkliflər və təşəbbüslər göndərib.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstanın Ticarət Nazirliyi məlumat yayıb.

“Qazaxıstan malları üçün proqnozlaşdırıla bilən ticarət rejiminin qorunması istiqamətində görülən tədbirlər çərçivəsində hökumət qarşılıqlı ticarət şəraitinin yaxşılaşdırılması üçün ABŞ administrasiyasına konkret təkliflər və təşəbbüslər təqdim edib”, – deyə məlumatda qeyd olunur.

Nazirlik əlavə edib ki, aparılan hesablamalara əsasən, nəzərdə tutulan tədbirlər Qazaxıstanın ABŞ-yə ixracının təxminən 95 faizinə, o cümlədən xammal məhsullarına təsir göstərməyəcək.

Bildirilib ki, ABŞ tərəfi Qazaxıstanın təkliflərini nəzərdən keçirir və danışıqların vaxtı ilə bağlı əlavə məlumat təqdim edəcək.

“Qazaxıstan milli maraqlarını qorumaq və davamlı ticarət-iqtisadi tərəfdaşlığı inkişaf etdirmək məqsədilə ABŞ ilə gələcək danışıqlara hazırlaşır”, – deyə Ticarət Nazirliyi vurğulayıb.

Xatırladaq ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən etibarən Qazaxıstandan idxal olunan mallara 25 faiz həcmində gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib.

Chosen
47
6
operativmedia.az

7Sources