EN

Ağcaqanad sürfələrini öldürən mikroblar tapılıb

Bioloqlar Krit adasında aparılan tədqiqatlar zamanı ağcaqanad sürfələrini qısa müddətdə məhv edə bilən nadir mikroblar aşkar ediblər. Alimlərə görə, bu mikroorqanizmlərin yaratdığı biomolekullar mövcud pestisidlərə təhlükəsiz alternativ ola bilər. Məlumatı Amerika Mikrobiologiya Cəmiyyəti yayıb.

AzPost xəbər verir ki, Cons Hopkins Universitetinin professoru Georgios Dimopulos bildirib ki, bu molekullar təbiətdə yığılmır və ətraf mühitdə tez parçalandığı üçün digər faydalı həşəratlara zərər vermir. Bu isə onların pestisid kimi istifadəsini daha təhlükəsiz edir.

Araşdırma “MicroBioPest” adlı Avropa layihəsi çərçivəsində həyata keçirilib. Layihənin məqsədi ekosistemə zərər vermədən ağcaqanadlarla mübarizə aparmaqdır. Alimlər Culex pipiens molestus növünə aid ağcaqanad sürfələrinə təsir edən mikrob tərkibli nümunələr toplayaraq sınaqdan keçiriblər.

Krit adasında torpaq, su, bitki və ölü həşərat nümunələrindən əldə edilən 186 mikrob mədəniyyətindən yüzü bir həftə ərzində sürfələri öldürə bilib. Onlardan otuz yeddisi isə bu təsiri üç gün ərzində göstərib.

Araşdırmalarda sürfələrin birbaşa bakteriya yoluxmasından deyil, onların ifraz etdiyi zəhərli maddələr nəticəsində öldüyü sübut olunub. Alimlər bu maddələrin biotexnoloji üsullarla istehsalını mümkün hesab edir və gələcəkdə effektiv biopestisidlərin hazırlanmasında istifadə olunacağını bildirirlər.

AzPost.az

Chosen
36
azpost.info

1Sources