Ukrayna Ali Radası baş nazir Denis Şmıqalı istefaya göndərməyə hazırlaşır. Bu barədə “Vzqlyad” nəşri yazıb. Bildirilir ki, həftənin ilk iş günündə deputatlar növbədənkənar iclasa dəvət alıblar. Ekspertlərin fikrincə, ABŞ Ukraynada hökumət dəyişikliyinə qarşıdır, lakin Zelenskinin Ofisi və onun rəhbəri Andrey Yermak Şmıqalı daha sadiq adamı ilə əvəzləmək niyyətindədir. Son iki aydır ki, Ukraynada baş nazir Şmıqalın tezliklə istefaya getməsi ilə bağlı şayiələr dolaşır. Ukrayna Konstitusiyasına görə baş nazir vəzifəsindən azad edilərsə, bütün hökumət üzvlərinin səlahiyyətlərinə avtomatik xitam verilir.
Əsas namizəd iqtisadiyyat naziri Yuliya Svırıdenko hesab olunur
Şmıqalın istefası siyasi motivlərlə deyil, Ukrayna iqtisadiyyatının tənəzzülü ilə izah edilir. Gələn həftə Şmıqalın Ukraynanın bərpası ilə bağlı konfrans üçün Romaya səfəri planlaşdırılır. Formal olaraq parlamentin plenar iclası iyulun 15-nə təyin edilib. Bununla belə, məlumata görə, parlamentarilərə iyulun 7 və 8-də fövqəladə sessiya barədə bildiriş göndərilib.
Ukrayna mətbuatının yazdığına görə, hökumət başçısı postuna ən çox ehtimal olunan namizəd baş nazirin müavini, iqtisadiyyat naziri Yuliya Svırıdenko hesab olunur. Onun yeni baş nazir kimi Romada Ukraynanı təmsil edəcəyi güman edilir. Ötən ilin payızında Ukrayna hökumətinin tərkibi yarıya qədər yenilənib. O cümlədən, səkkiz nazir dəyişdirilib. İyunun əvvəlində Zelenski ölkənin hərbi rəhbərliyində də genişmiqyaslı dəyişikliklər həyata keçirib, o cümlədən Quru Qoşunlarının komandanı vəzifəsindən istefa verib.
Hökumət dəyişikliyi Zelenskinin Ofisinin rəhbəri Andrey Yermakın hakimiyyətini daha da möhkəmləndirməyə imkan verəcək. Ekspertlər də hesab edirlər ki, Ukrayna hökumətinin mümkün istefasının əsas səbəbi Zelenskinin öz hakimiyyətini gücləndirmək və bütün dövlət qurumları üzərində daha da böyük nəzarət əldə etmək istəyidir.
Politoloq: Bu dəyişiklik ictimai narazılığın və daxili siyasi gərginliyin azaldılmasına da hesablanıb
Məsələ ilə bağlı qəzetimizə açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Ukraynada baş nazir postunda dəyişiklik ehtimalı ilk növbədə siyasi idarəçiliyin yenidən formalaşdırılması məqsədi daşıyır. Prezident Aparatının, xüsusilə Andrey Yermakın bu prosesdə aparıcı rol oynaması, Zelenski komandasının hökumətə nəzarəti gücləndirmək istədiyini göstərir. Mümkün namizədlər sırasında olan şəxslərin Zelenskiyə daha sadiq kadrlar olması, bu qərarın daha çox daxili siyasi idarəetmə ilə bağlı olduğunu deməyə əsas verir. Onun sözlərinə görə, hökumət dəyişikliyi, həm də ictimai narazılığın və daxili siyasi gərginliyin azaldılması vasitəsi kimi qiymətləndirilə bilər: “Mövcud sosial-iqtisadi problemlər, müharibənin uzun müddət davam etməsi və cəbhə xəttində əldə olunan nəticələrin ictimai gözləntiləri tam qarşılamaması səbəbilə cəmiyyətdə artan narazılıq fonunda, yeni hökumət formalaşdırmaq məsuliyyətin bölüşdürülməsi və siyasi məsuliyyətin təzələnməsi məqsədi daşıyır. Digər tərəfdən, bu dəyişiklik Ukraynanın xarici siyasət kursunda ciddi dəyişikliklərə səbəb olmayacaq. Zelenski administrasiyası əsas qərarları əvvəlki kimi öz nüvəsində formalaşdırmağa davam edəcək. Lakin yeni hökumət daha çevik iqtisadi siyasət yürüdərək beynəlxalq tərəfdaşlarla - xüsusilə Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı dərinləşdirməyə çalışa bilər. Xüsusən də müharibədən sonrakı bərpa və investisiya proqramlarında hökumətin yeni simalarla fəaliyyət göstərməsi imic baxımından daha əlverişli ola bilər”.
Politoloqun fikrincə, bu dəyişiklik hökumət daxilində texnokrat və menecer tipli kadrların önə çıxarılması tendensiyasını gücləndirə bilər. Yeni baş nazirin əsas funksiyası artıq yalnız idarəetmə deyil, həm də beynəlxalq donorlarla effektiv əlaqə qurmaq və islahatların icrasını təmin etmək olacaq. Bu baxımdan, kabinet dəyişikliyi idarəetmədə daha yüksək koordinasiya və effektivlik məqsədinə yönəlib.
Z.Qarayeva qeyd edib ki, baş nazirin istefası və əvəzlənməsi Ukrayna üçün daha çox daxili siyasi və funksional səbəblərlə izah oluna bilər: “Xarici siyasət istiqamətləri dəyişməyəcək, amma daxili idarəetmədə çeviklik və cavabdehlik artırıla bilər. Bu dəyişiklik Ukrayna hakimiyyətinin həm ictimai dəstəyi saxlamaq, həm də beynəlxalq tərəfdaşların etimadını möhkəmləndirmək üçün atdığı strateji addım kimi qiymətləndirilə bilər”.
Nardar BAYRAMLI