Rusiya–Azərbaycan münasibətlərində son aylar müşahidə olunan gərginlik fonunda Moskvanın yeni diplomatik addımı diqqət çəkir. Bir müddət öncə Kremlin münasibətlərin qaydasına salınması üçün Bakıya nümayəndə heyəti göndərəcəyinə dair məlumatlar yayıldı. Artıq həmin nümayəndə heyətinin ölkəmizə çatdığı bildirilir. Bunun tərəflər arasında yaranmış narazılıqların aradan qaldırılması və münasibətlərin sabitləşdirilməsi məqsədi daşıdığı bildirildi.
Səfər çərçivəsində bir sıra Azərbayacan rəsmiləri ilə görüşün planlandığı, Rusiya Prezidenti Vladimir Putinin şəxsi mesajının çatdırılacağı və bəzi təkliflərin irəli sürülə biləcəyi iddia olunur.
Maraqlıdır, bu təşəbbüs real nəticə verə, iki ölkə arasındakı münasibətlər əvvəlki səviyyəyə qayıda bilərmi?
Globalinfo.az-a danışan politoloq Zeynal Əməliyev deyib ki, Rusiya–Azərbaycan münasibətlərində yaşanan gərginləşmə bir neçə amillə bağlıdır:
“Birincisi, Azərbaycan öz gücünə ərazisindəki separatçı bölgəni tamamilə təmizlədi. Bakı həmçinin Moskvanın Ermənistanda və Qarabağdakı keçmiş qondarma rejim içində ən böyük layihəsi olan Ruben Vardanyan da daxil olmaqla separatçı liderləri həbs edərək məhkəmə qarşısına çıxardı. Bu gün onlar istintaq çərçivəsində bir çox məlumatı açıqlayırlar. Bu isə Rusiyanın xoşuna gəlmir. Çünki Qarabağın işğalında, həmçinin separatçı rejimin ayaqda qalmasında Moskvanın dəstəyi bilinən bir məsələ idi.
İkinci növbədə, Azərbaycan müharibədən sonra Şuşa Bəyannaməsi və digər hüquqi sənədlər əsasında Türkiyə ilə əməkdaşlığı gücləndirdi. Onu da nəzərə alaq ki, Türkiyə NATO-nun ikinci ən böyük gücüdür. Bu da Moskvada ciddi narazılığa səbəb oldu. Rusiya bunlara açıq etiraz edə bilmədi, çünki rəsmi Bakı tamamilə düşünülmüş siyasət apararaq onun təsir rıçaqlarını yox etmişdi, buna görə hibrid müharibəyə başladı və təyyarə məsələsinə əl atdı. İlk olaraq Qroznı səması üzərində AZAL-ın təyyarəsinin vurulması, ardınca Azərbaycanın bir çox mühüm saytına kiber hücumların təşkil edilməsi Moskvanın Bakıya qarşı təzyiq siyasətinin əsas elementləri idi.”.
Politoloq bildirib ki, Kremlin Bakıya qarşı başlatdığı proses sonrakı müddətdə də davam etdi:
“Yekaterinburqda OMON və FSB-nin birlikdə azərbaycanlılara qarşı həyata keçirdiyi vəhşi münasibət isə Rusiyanın artıq həddini aşması idi. Rus hüquq-mühafizə orqanlarının heç bir əsaslı fakt olmadan evlərə səhər saatlarında qəflətən hücum edib soydaşlarımızı təhqiramiz formada döyməsi, dəhşətli işgəncələrlə öldürməsi göstərdi ki, Kremldə oturanlar ağlını itirib, nə edəcəklərini bilmirlər. Rus kəşfiyyatına yaxın media qurumları Moskvanın Bakıya nümayəndə heyəti göndərəcəyinə dair həvəslə məlumatlar paylaşırdılar. Moskvanın Bakı qarşısında geri çəkilməsinə səbəb gözləmədiyi cavabı almasıdır. Azərbaycan Rusiyanın təzyiqlərinə boyun əymədi və lazım olan şəkildə qarşılıq verdi. Hazırda Bakı ilə münasibətləri gərginləşdirmək Kremlə sərf etmir.
Çünki Azərbaycan həm tranzit əhəmiyyətli layihələrin açar dövləti, həm güclü enerji potensialına, həm də beynəlxalq münasibətlər sistemində son zamanlar güclənən mövqeyinə görə Qərbin və Şərqin əsas güclüləri üçün vazkeçilməz ölkədir. Xankəndində keçirilən zirvə görüşü və bu görüşdə bir çox ölkənin birinci şəxs səviyyəsində təmsil olunması faktı onu göstərir ki, rəsmi Bakı öz mövqeyini son dərəcə gücləndirib. Bu görüş həm də Moskvaya bir mesaj idi. Nəzərə alaq ki, Rusiya rəhbərliyinin məhz Xankəndi görüşündən sonra Bakı ilə dialoq aparmaq istəməsi barədə çağırışlara rast gəlinib”.
Politoloqun sözlərinə görə, nümayəndə heyətinə Azərbaycanla yaxın münasibətlərə malik Rusiya siyasi və bürokratik dairələrində təmsil olunan şəxslərin, nüfuzlu azərbaycanlı iş adamlarının salınması ehtimal olunurdu:
“Heyət rəhbərliyi üçün adı çəkilən şəxs də maraqlıdır. Aleksandr Kurenkov keçmiş kəşfiyyat zabitidir, Putinə şəxsi olaraq çox güclü yaxınlığı var. Prezidentin “baş adyudant”ı olub, onun mühafizəsində xüsusi iştirak edib, Ukraynada hərbi əməliyyatlar zamanı strateji tapşırıqları icra edib. O, Rusiya dövləti, şəxsən Putin üçün çox önəmli şəxsdir. Onu da deyim ki, Kurenkovun Azərbaycan rəhbərliyi ilə yaxın münasibətinin olduğu deyilir. Hələ bir müddət öncə hər iki ölkənin media qurumları Kurenkovun Azərbaycanın Fövqaladə Hallar naziri Kəmaləddin Heydərovla şəxsi dostluq münasibətlərinə diqqəti çəkmişdi. Bu baxımdan biz nümayəndə heyətinin göndərilməsini və onun rəhbərini uğurlu seçim saya bilərik. Bütün hallarda isə əsas olan Rusiya tərəfinin hansı yanaşma ilə dialoq təklif edəcəyidir.
Əgər rəsmi Moskva Azərbaycanın maraqlarını nəzərə almasa, əlbəttə ki, bu səfərin heç bir məqsədi olmayacaq. Əks halda, Bakı da hər zaman qonşu ölkələrlə mehriban münasibətlərdə maraqlı olub”.