Politoloq Əli Zülfüqarlı Ajans.az-a bildirib ki, Ukrayna savaşı Rusiyanın beynəlxalq mövqelərinə ciddi zərbə vurub. Rusiya düşünürdü ki, tez bir zamanda Ukraynada nəticələr əldə edə bilər. Lakin bu baş vermədi. Eyni zamanda bu savaş Rusiyada iqtisadi problemlərə səbəb oldu. Ölkənin beynəlxalq mövqeləri zərbə altına düşdü. Bu da o nəticəyə gəlir ki, Rusiya artıq əvvəlki gücündə deyil. O söyləyib ki, Rusiya bölgədə Azərbaycana Qarabağ və separatizm kartları ilə təzyiq etməyə çalışıb. Xüsusilə İkinci Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ kartını Rusiyanın əlindən aldı. Eyni zamanda bir günlük antiterror tədbirləri ilə separatizm kartı da neytrallaşdı. Son zamanlar Rusiya Azərbaycana miqrant kartı ilə təsir etməyə çalışır. Təbii ki, bu qeyri-mümkündür. Bu cür addımlar ilə Azərbaycanın siyasi iradəsinə təsir edilə bilməz. Azərbaycan Türkiyə, Pakistan, İran, Qazaxıstan və digər dövlətlər ilə əlaqələrini ən yüksək həddə çatdırıb. Ekspert deyib ki, 44 günlük müharibədən sonra Azərbaycan regionda böyük geosiyasi dəyişikliklərə səbəb olub. Nəticədə yeni hədəflər müəyyən olunub. Regionda ölkənin maraqlarına zidd fəaliyyətin qəbul etdirilməsindən söhbət gedə bilməz. Zəngəzur dəhlizinin açılması İranla Azərbaycan arasında problematik məsələ idi. Xüsusilə də Rusiyaya təzyiq edilirdi ki, Rusiya da Ermənistana təzyiq etməsin. Həmçinin İranın maraqları da təmin olunsun. İran prezidentinin Xankəndi görüşündə iştirakı Zəngəzur məsələsində mövqeləri düzəldə bilər. Bu da o mənaya gəlir ki, Rusiyanın regionda ciddi fəaliyyəti və müdaxilə imkanları azalıb. Burada Ermənistan ilə də sülh üçün yeni şərait var. Ermənistan bunu adekvat dəyərləndirərsə, bölgədə yeni mənzərə formalaşa bilər.