Son günlər Rusiya mediasında Azərbaycana qarşı yönəlmiş, qərəzli xarakter daşıyan məqalə və reportajların sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu vəziyyət, iki ölkə arasındakı strateji tərəfdaşlığa kölgə salmaqla yanaşı, regionda müəyyən gərginliklərin yaranmasına da zəmin yaradır.
“Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Rusiya mediasında bu günə qədər qəbul edilmir. Rusiyanın Qarabağdan çıxmasını həzm edə bilmirlər. İndi Rusiya mediası, əsas daKremlə bağlı olan Telegram kanalları rus ordusunun hər an Ermənistana girə biləcəyi ilə bağlı absurd iddia səsləndirirlər.Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin dünən səsləndirdiyi “Qarabağın əldən verilməsini , yəni o “balaca kərpic” bütün Zaqafqaziyanın binasından götürüldü və hər şey dağıldı”. deməsi Kremlen hansı çirkin siyasətə əl qoyduğunu bir daha sübut edir” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, Rusiya mediası və politoloqlar onlara verilən tezislər əsasında bu fikirləri səsləndirir.
“Rusiya mediası daxili auditoriya üçün Azərbaycanı “Qərbə meyilli” bir ölkə kimi təqdim edərək, öz geosiyasi maraqlarını legitimləşdirməyə çalışır. Bu, Rusiyanın “Qərbə qarşı duruşu” narrativinə də xidmət edir. Amma bizim ölkəmizin milli maraqları və müstəqil xarici siyasət kursu var. Bakı Rusiya ilə əməkdaşlığa önəm versə də, milli suverenliyindən və ərazi bütövlüyündən güzəştə getmək niyyətində deyil. Bu vəziyyət, Azərbaycanın informasiya müharibəsi şəraitində öz mövqeyini daha da gücləndirməsi və beynəlxalq ictimaiyyətə həqiqəti çatdırması zərurətini bir daha göstərir. “ – deyə Arzuman Muradlı bildirib.