EN

Gürcüstan MSK: ATƏT-in qətnaməsindən seçki prosesini gözdən salmaq üçün istifadə olunur

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, bəzi maraqlı tərəflər ATƏT-in qətnaməsindən seçki administrasiyasını gözdən salmaq və ümumilikdə seçki prosesinin legitimliyinə xələl gətirmək məqsədilə istifadə edirlər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, MSK-nın yaydığı açıqlamaya görə, nə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) hesabatında, nə də ATƏT-in qətnaməsində seçki saxtakarlığından söhbət getmir.

Buna baxmayaraq, bəzi şəxslər media vasitəsilə manipulyasiya xarakterli açıqlamalarla guya seçkilərin saxtalaşdırıldığını və bunu ATƏT-in sənədlərinin də təsdiqlədiyini iddia edirlər.

“ATƏT-in sənədlərində yalnız müəyyən prosedur pozuntuları qeyd olunub, lakin bu hallar seçkilərin nəticələrinə təsir göstərməyib. Gürcüstanda seçicilərin iradəsi tam şəkildə seçki nəticələrində əksini tapıb və bu, ATƏT-in baş katibi tərəfindən də açıq şəkildə təsdiqlənib”, - deyə MSK-dan bildirilib.

Komissiyadan qeyd edilib ki, ATƏT/DTİHB-nin yekun hesabatında da seçki məntəqələrinin 90 faizindən çoxunda seçki prosesinin müsbət qiymətləndirildiyi, elektron və səslərin əl ilə sayılması nəticələrinin bir-birini təsdiqlədiyi, seçici siyahılarının dəqiq və əhatəli olduğu və müşahidəçilərin əksəriyyətinin prosesi ədalətli hesab etdiyi vurğulanır:

“MSK bütün qərəzsiz və obyektiv təşkilatlarla əməkdaşlığa hazırdır. Lakin seçkilərin legitimliyini şübhə altına almağa yönəlmiş hər cür cəhdləri qətiyyətlə pisləyir və ictimaiyyətə heç bir əsassız məlumat təqdim etməyəcək”.

Chosen
12
2
report.az

10Sources