EN

Bu gün “Ələkbər əmi”nin doğum günüdür

Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində bir-birindən maraqlı obraz və tamaşalar qalereyası ərsəyə gətirən Əməkdar artist Ələkbər Hüseynov yaradıcılığı ilə ürəklərə yol taparaq, böyük tamaşaçı sevgisi qazanıb.

Yenisabah.az xəbər verir ki, bu gün unudulmaz aktyor, uşaqların qəlbinə yol tapan Ələkbər Hüseynovun anadan olmasının 64-cü ildönümüdür.

1961-ci il iyulun 7-də Bakıda anadan olan Ə.Hüseynov 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "Keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub. Dominos pizza

Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layiq görülüb. Beynəlxalq festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatını alıb. 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

2002-ci ildə Ələkbər Hüseynov Beynəlxalq Kukla Teatrları Birliyinin xətti ilə Parisdə keçirilən böyük tədbirlərdə iştirak etməliydi. Bu tədbirə ciddi hazırlaşırdı. Amma diş ağrısı ona əziyyət verirdi. Getməzdən əvvəl diş həkimi olan dostunun yanına yollanır ki, ağrılı dişdən canını qurtarsın. Fransaya gedir, gələndən sonra ailəsini də götürüb Yessentukiyə dincəlməyə gedir. Hər şey yaxşı idi, yaradıcılıqda da, həyatda da işləri əla gedirdi. Amma həmin ilin sonlarında səhhəti pisləşir.

Günü-gündən rəngi saralırdı. Gözlərinin içində də sarılıq əmələ gəlməyə başlamışdı. Yoldaşı onu məcbur həkimə apardı. Ciddi yoxlamadan sonra məlum olur ki, onda "Hepatit C" virusu var. Fərqli yerlərdə təkrar analizlər eyni nəticəni verir. 2004-cü ildə Moskvada məşhur xəstəxanalardan birində yenə həmin diaqnoz təsdiqlənir. Bu virus yalnız qanla keçə bilərdi. Ələkbər özü üçün müəyyən edə bilmirdi ki, harada bu virusa yoluxub? Moskvadakı həkimi diş dibindən şübhələndiyini deyir. Onda Ələkbərin yadına düşür ki, 2002-ci ildə Paris səfərindən əvvəl dişini çəkdirmişdi. Artıq qara ciyəri şişməyə başlamışdı.

Evdə olanda internetə girər, maraqlı məlumatlarla tanış olardı. Bir gün yenə internetə girir və anasını yanına çağırıb deyir: "Görürsən, ana? Burda yazılıb ki, bu virusa tutulanlar üç ildən səkkiz ilə kimi yaşayırlar. Mənim üç ilim başa çatmaq üzrədir… Ana, mən öləcəm…"

Qeyd edək ki, Əməkdar artist Ələkbər Hüseynov 2007-ci il avqustun 29-dan 30-na keçən gecə komaya düşür. Ayın 31-də onu xəstəxanadan evə gətirirlər. Evdə cəmi 3 gün yaşayır. Avqustun 2-də dünyasını dəyişir.

Aydan Hacı


Telegram kanalımız
Chosen
9
50
yenisabah.az

10Sources