EN

Müştəri Starex-dən narazıdır

Azərbaycanın tanınmış onlayn sifariş xidməti olan Starex Global barədə daha bir müştəri narazılığı yayılıb. AzPost xəbər verir ki, şikayətçi Fərəh Quliyeva 5 iyul 2025-ci il tarixində aldığı bağlamada ciddi pozuntular müşahidə etdiyini bildirib.

Onun sözlərinə görə, o, uzun müddətdir eyni onlayn mağazadan kosmetik məhsullar sifariş edir və əvvəlki hallarda bağlamaları tam, möhürlü və təhlükəsiz şəkildə alıb. Lakin bu dəfə aldığı məhsulların vəziyyəti ciddi narahatlıq doğurub.

“Bağlamanın orijinal paketləmə skoçları açılmış, sadəcə üstündən ötəri şəkildə bərkidilmişdi. İçəridəki məhsullar qutularından çıxarılmışdı və heç bir məhsulun üzərində plomblar yox idi. Bu, əvvəlki sifarişlərimlə müqayisədə kəskin fərqlənir”, – deyə o bildirib.

Müştəri əlavə edib ki, bəzi kosmetik məhsullarda, xüsusilə üz kremlərində müdaxilə izləri aşkar olunub, məhsulun içində hiss ediləcək qədər boşluqlar olub. Həmçinin, satıcı tərəfindən hər zaman təqdim olunan “probniklər” (sınaq məhsulları) bu dəfə ümumiyyətlə təqdim edilməyib.

Fərəh Quliyeva bildirir ki, nə bu cür hallarla daha əvvəl rastlaşıb, nə də gömrük keçidində belə problemlər yaşanıb:
“Bu səbəbdən şübhələnirəm ki, bu müdaxilə Starex-in daxili əməliyyatları zamanı baş verib. Bu, həm şəxsi əmlakın toxunulmazlığına, həm də müştəri hüquqlarına ziddir.”

Şikayətçi onu da qeyd edir ki, bağlamanı təhvil alarkən yoxlamaması onun səhvi olub. “Heç vaxt təhvil zamanı bağlamanı açmamışam, çünki inamım vardı. Bu ilk idi və mənə dərs oldu”, – deyə əlavə edib.

Müştəri bildirir ki, Starex şirkəti məsuliyyəti üzərindən ataraq yalnız “çatdırılma” funksiyasına cavabdeh olduğunu bildirib:
“Şirkət deyir ki, məhsulun korlanması, sınması və ya müdaxilə olunması onların məsuliyyəti deyil. Bu isə istehlakçı hüquqlarına açıq-aşkar ziddir.”

Məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edən şikayətçi rəsmi araşdırma aparılmasını və məhsullarına edilən müdaxilənin səbəbinin aydınlaşdırılmasını tələb edir.

AzPost.az

Chosen
3
3
azpost.info

10Sources