İşğaldan azad olunmuş Qarabağa, eləcə də başqa bölgələrimizə səfər edəndə ürəyimiz iftixar və qürur hissi ilə döyünür. Gördüklərimizin, şahidi olduqlarımızın təəssüratları uzun müddət yaddaşımızda yaşayır. Aparılan quruculuq işləri, çəkilən geniş yollar, salınan körpülər, kilometrlərlə ölçülən qazılmış tunellər bölgələrin sabahkı uğurlu inkişafından, tərəqqisindən xəbər verir.
Yenə də yolumuz işğaldan azad olunmuş Qarabağ bölgəsinədir. İnanırıq ki, bu səfərdə də gördüklərimiz, eşitdiklərimiz ovqatımıza ovqat qatacaq. Ağdam keçid məntəqəsində insanları Qarabağa aparacaq avtomobillərin uzun növbəsi yaranıb.
Sənədlərin yoxlanışı çox vaxt aparmır. Bir azdan keçid məntəqəsi arxada qalır və biz geniş və rahat yolla üzü Qarabağa gedirik. Yeni çəkilmiş dəmir yolu və asfalt yollara baxdıqca ürəyimiz qürur və iftixarla dolur. Xatırlayırıq ki, 2021-ci ildə Ağdamda ezamiyyətdə olanda istehkamçılar buradan yolların çəkilməsi üçün ərazini minalardan və partlamamış silah-sursatlardan təmizləyirdilər. Şükürlər olsun ki, ötən illər ərzində artıq ərazilər minalardan təmizlənib, həm dəmir, həm də şose yolları çəkilib. İndi insanlar bu yollarla çox rahatcasına Ağdama, Əsgərana, Xocalıya, Xənkəndiyə, Şuşaya və başqa bölgələrə gedirlər. Bütün görülən bu işlər isə ürək açır, qəlb oxşayır.
Hər addımda erməni vəhşiliyinin qanlı izləri qalıb
Düşmənlərin otuz ilə yaxın işğalda saxladıqları və evlərini uçurub dağıtdıqları Ağdam rayonunun kəndlərinin yaxınlığından keçirik. Erməni vəhşiliyi, erməni vandalizmi bir zamanlar cənnəti xatırladan bu yerləri cəhənnəmə döndərib. Nə qədər ətrafa boylansaq da, salamat qalmış bir ev, bir həyət, bir divar gözə dəymir. Hər addımda erməni vəhşiliyinin, barbarlığının qanlı izləri qalıb. Bütün bu ürəkdağlayan mənzərələr ovqatımızı korlayır, düşmənə olan nifrət hissimizi daha da artırır.
Bir az irəli gedəndən sonra mənzərə dəyişir. Yenidən tikilən, qurulan ruhlar şəhərinin getdikcə boy verən evlərini, binalarını görürük. Bu mənzərəni seyr etdikcə korlanmış ovqatımız yavaş-yavaş düzəlir, ürəyimiz açılır. Ağdam rayonunda aparılan quruculuq işləri bir an da olsun dayanmır. Hündürmərtəbəli binaların "başının" üstündə kranlar işləyir, ağırtonnajlı maşınlar fasiləsiz olaraq qum, çınqıl, daş və başqa tikinti materialları daşıyır. Həm yollarda, həm də tikinti gedən ərazilərdə müxtəlif təyinatlı texnikalar hərəkət edir. Sabahlarımıza gur işıq salacaq, yaraşıq verəcək quruculuq işləri gündəlik axarından qalmır.
Yeni tikilən Xıdırlı kəndinin yaxınlığından keçəndə də gördüklərimizdən ürəyimiz açıldı, gözlərimiz güldü. Demək olar ki, evlərin tikintisi başa çatıb, yaşıllıqlar salınıb. Geniş həyətlərə dəmir tor çəkilib. Məhəllələr abadlaşdırılır, kəndarası yolların çəkilişi üçün zəruri hazırlıq işləri görülür. Hiss olunur ki, bu yaşayış məntəqəsində tamamlama işləri aparılır. Kənddə tikilmiş inzibati binalar da forması və gözəlliyi ilə diqqətimizi özünə çəkir. Çox keçməyəcək ki, Ağdamın başqa kəndləri kimi, Xıdırlı da doğma sakinlərini qoynuna alacaq.
Ağdam rayonunu keçib üzü Əsgərana tərəf gedirik. İki dağın ətəyindəki geniş ərazidə yerləşən Əsgəran gözəlliyi ilə görənləri ilk baxışdan, ilk görünüşdən heyran edir. Yaşıllığa bürünmüş dağların qoynundakı damları müxtəlif rənglərdə olan evlər ətrafa xüsusi yaraşıq verir, rəngarənglik yaradır. Bir-birinə bənzəməyən evlər bizə güllərin, çiçəklərin arasından sevinə-sevinə Yer üzünə boylanan göbələkləri xatırladır. Başqa bölgələrdə olduğu kimi, Əsgəranda da abadlıq və quruculuq işləri aparılır. Yolların genişləndirilməsi əraziyə xüsusi yaraşıq verməklə yanaşı, insanların rahatlığını da təmin edir.
Bir az irəli gedəndən sonra quruluşu, forması və möhtəşəmliyi ilə əsrlərdən bəri insanları özünə cəlb edən Əsgəran qalasını ziyarət etmək üçün dayanırıq. Qarabağa üz tutan insanlar mütləq burada ayaq saxlayıb qalanı ziyarət edirlər. Əsgəran qalası sanki Qarabağa açılan əbədi-əzəli qapıdır. Qalaya baxdıqca onun bənzərsiz quruluşuna bir daha heyran olduq. Qarabağda belə möhtəşəm qalalar tikən ataların, babaların torpaqları əbədi olaraq erməni işğalında qala bilməzdi. Necə ki, qalmadı da!
Sakinlər doğma ocaqlarına Xocalını dirçəltmək üçün qayıdıblar
Qaladan aldığımız xoş təəssüratlarla yolumuza davam edirik. Əsgərandan bir az irəli gedəndən sonra illərdən bəri ağrı-acılarını ürəyimizdə yaşatdığımız Xocalı rayonunun ərazisinə daxil oluruq. Rayonun adı yazılan yerdə bir anlıq ayaq saxlayırıq. Xocalının gözoxşayan yaşıllığa bürünmüş dağlarına, düzlərinə baxırıq. İndi dayanıb gözəlliyinə tamaşa etdiyimiz bu dağları, bu düzləri erməni işğalçıları 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə şəhər sakinlərinin qanına boyadılar. Soyuq bir qış gecəsində daşnakların törətdiyi bu faciə amansızlığı və qəddarlığı ilə eşidənləri və görənləri sarsıtdı, erməni vəhşiliyinin iç üzünü açıb bütün dünyaya göstərdi. Həmin gün tariximizə Xocalı soyqırımı kimi yazıldı. O vaxtdan bu qanlı faciədə şəhid olanların xatirəsi həmişə hörmətlə anılır, ehtiramla yad edilir. Həm 44 günlük Vətən müharibəsində, həm də 19-20 sentyabr antiterror əməliyyatlarında şəhidlərin qisası erməni işğalçılarından alındı. Uzun illərdən bəri gözüyaşlı qalmış Xocalının dağlarının üzü güldü, ürəyi açıldı. Bundan şəhidlərin ruhu da rahatlıq tapdı.
Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında başqa şəhər və kəndlərimiz kimi, Xocalını da erməni işğalından azad etdi. Artıq şəhər sakinləri doğma ocaqlarına dönərək dövlətimizin tikdiyi hərtərəfli şəraiti olan evlərdə yaşayırlar. Sakinlər doğma ocaqlarına Xocalını dirçəltmək, yaşatmaq, gözəlləşdirmək üçün qayıdıblar. Onlar qayıdışları, dönüşləri ilə Xocalıya yeni həyat verəcəklər, şəhəri yenidən dirçəldəcəklər. Keçmiş sakinlər doğma ocaqlarına döndükdən sonra Xocalının Ballıca kəndində dünyaya yeni körpə göz açdı. 1992-ci ilin soyuq bir qış günündə erməni vandallarının qana buladığı Xocalının dağları, düzləri illərdən bəri həsrətini çəkdiyi körpə qığıltısını da eşitdi. Sanki bu səsdən, bu qığıltıdan yaraları bir az sağaldı. Valideynləri yenicə dünyaya göz açan uşağın adını Mehdi qoyublar. Mehdi qaçqınlıqdan sonra Xocalıda doğulan ilk körpədir, özü də oğlan uşağıdır. Bu körpə böyüyüb yurdun, el-obanın müdafiəçisi olacaq, düşmənlərə qan udduracaq.
Ordumuz xəyallarımızı gerçəkləşdirdi
Şəhərdən çıxhaçıxda yaşıllıqlara qulluq edən işçilərdən biri ilə görüşüb tanış olduq. Öyrəndik ki, İlkin İdrisov əslən Xocalıdandır. Amma 1993-cü ildə valideynlərinin məskunlaşdığı Bakı şəhərində dünyaya göz açıb. İlkin dedi ki, heç vaxt Xocalı şəhərini görməyib: "Yalnız valideynlərimdən, yaxınlarımdan onun adını eşitmişdim. Doğmalarım erməni işğalçılarının onlara verdiyi dözülməz işgəncələrdən, düşmənlərin qəddarlığından ürək ağrısı, göz yaşı içində söz açırdılar. Xocalı mənim üçün nağıllar şəhəri idi. Çünki mən onu həmişə xəyallarımda canlandırırdım. Şükürlər olsun ki, ordumuzun qəhrəman zabit və əsgərləri həm 2020-ci ilin İkinci Qarabağ müharibəsində, həm də 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatlarında igidlik və cəsarətləri ilə xəyallarımızı gerçəkləşdirdilər. Bir zamanlar xəyallarımda canlandırdığım nağıllar şəhərində indi həm yaşayır, həm də işləyirəm. Bu müqəddəs torpağa addım qoyanda gördük ki, Xocalı deyildiyindən də, təsvir olunduğundan da gözəl imiş.
Xocalıdan sonra yolumuz Qarabağın mərkəzi şəhəri olan Xankəndiyədir. Yolboyu hər yerdə quruculuq işlərinin aparıldığını gördük. Darısqal, yöndəmsiz yollar genişləndirilir, abadlıq işləri aparılır. Təmir və bərpa işlərinin tez bir zamanda başa çatması üçün xüsusi texnikalar da cəlb olunub. Sürətlə aparılan quruculuq işləri sabahkı gözəlliyə zəmin yaradır. Deməli, doğma Xənkəndi getdikcə daha da gözəlləşəcək.
Xankəndinin girişindəki keçid məntəqəsindən bir az irəli gedəndən sonra yolun kənarında çoxlu avtomobilin dayandığını gördük. Maşından düşəndə öyrəndik ki, bura həmişə televiziya ekranlarından gördüyümüz ermənilərin hələ sovet dövründə hündür bir təpənin üstündə qoyduqları "Biz və bizim dağlar" abidəsinin ərazisidir. Bu abidənin ilkin adı "Nənə və baba" olub. Ermənilər bu abidəni qoyanda Azərbaycan hökuməti bu ada qarşı çıxıb. Hökumətin etirazına baxmayan ermənilər həmişə olduğu kimi, yenə də Moskvada özlərinə xeyli havadar tapıblar. Amma nə qədər onlara arxalansalar da, abidənin adını "Nənə və baba" kimi saxlaya bilməyiblər. Beləcə, abidənin adını "Biz və bizim dağlar" qoyublar. Ermənilər bu adla da Qarabağın onlara məxsus olduğunu dünyaya sübut etməyə çalışırlar. Hansı ki abidədə əks olunan kişi və qadın obrazının nə Qarabağa, nə də onun buludlara baş çəkən dağlarına aidiyyəti var.
Xankəndi əsl xanın kəndinə çevrilir
Otuz ilə yaxın torpaqlarımızı işğal altında saxlayan ermənilər ərazidə olan bütün tarixi abidələrimizi, müqəddəs məkanlarımızı uçurub dağıtmışdılar, təhqir etmişdilər. İnsanlıqdan, bəşəri hisslərdən xeyli uzaq olan daşnaklar abidələrin içində donuz, inək və başqa heyvanlar saxlamışdılar. Amma 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində qazandığı Zəfərdən sonra ermənilərin ərazilərdə qalmış qondarma abidələrinə kimsə toxunmur.
Ötən ildən fəaliyyətə başlayan Qarabağ Universitetinin qarşısında da xeyli ziyarətçi var idi. Biz də vaxt itirmədən, fürsəti əldən vermədən onlara qoşulduq. Universitet binasının qeyri-adi gözəl quruluşu, arxitekturası diqqətimizi cəlb etdi. Ali təhsil ocağının qarşısındakı geniş həyət gül qoxuyurdu. Ətrafda hökm sürən təmizlik, səliqə-sahman könülləri oxşayırdı. Belə yaraşıqlı, işıqlı, hərtərəfli şəraiti olan ali təhsil ocağında oxumaq olduqca xoşdur.
Suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olunandan sonra 8 noyabr 2023-cü ildə Xankəndidə ilk dəfə Zəfər paradının keçirildiyi meydana da baş çəkirik. Təkrarolunmaz o gözəl, qürurverici anları xatırladıqca ürəyimiz sevinclə dolub-daşırdı. Şəhərin başqa yerlərində olduğu kimi, burada da bərpa və abadlıq işləri görülürdü. Bir zamanlar xunta rejiminin yerləşdiyi binanın qarşısında aparılan bərpa işləri bu yerləri indikindən daha da yaraşıqlı göstərir.
Xankəndinin bir-birindən gözəl küçələrində maşınlar hərəkət edir, işıqforlar da yolları, gediş-gəlişi nizamlayır. Ətrafda yol patrul xidmətinin əməkdaşları da gözə dəyirdi. Onlar iş başında idilər. Mağazalar işləyir, kafe, restoran və hoteller fəaliyyət göstərirdi. Xankəndinin küçələrində üçrəngli bayrağımızı dalğalanan görəndə ürəyimiz sevincə büründü. Başqa cür ola da bilməzdi, çünki həmişə arzusunda olduğumuz günün sevincini yaşayırdıq. Təki həyatımızda belə sevincli günlərimiz çox olsun.
Qarabağın mərkəzi şəhərinin küçələrindən keçənlərlə də söhbət etməyə imkan tapdıq. İlk həmsöhbətimiz olan Rasim Verdiyev dedi ki, Şəki rayonunda dünyaya göz açıb: "Amma Qarabağa gəlmək, bu gözəl yerləri görmək çoxdankı arzum idi. Şükürlər olsun ki, Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri Ermənistan silahlı qüvvələrini diz çökdürərək bizi bu arzumuza çatdırdılar. İndi budur, Qarabağda, onun gözəl şəhəri olan Xankəndidəyik. Oğlum və qızımın həyat yoldaşı indi burada çalışırlar. Biz də həyat yoldaşımla gəlib onların yanında qalır, bəzi işlərinə əl atırıq. Xankəndi çox gözəl şəhərdir. Gəldiyim elə ilk gündən şəhər məni özünə çəkib doğmalaşdırdı. İndi Xankəndiyə elə vurulmuşam ki, sanki mən Şəkidə yox, elə burada doğulmuşam".
- Əvvəlki illər heç ağlımıza da gəlməzdi ki, biz nə vaxtsa gəlib Qarabağda, Xankəndidə yaşayacağıq, - deyə Rasimin həyat yoldaşı Xuraman Verdiyeva söhbətimizə qoşuldu. - Beş-altı aydır ki, burada yaşayırıq, özüm də camaşırxanada işləyirəm. Burada iş yerləri çoxdur. Xankəndinin hər tərəfində abadlıq və təmir işləri aparılır. Günlər keçdikcə şəhər daha da gözəlləşir. Bütün bunları görəndə ürəyimiz sevinclə, qürurla dolur. Çünki biz doğmadan doğma olan, əbədi-əzəli torpaqlarımıza qayıtmışıq. Qarabağda yaşadığımız arxada qalan həftələr, aylar ömrümüzün ən yaddaqalan, unudulmaz günləridir. İnanıram ki, bu günlərin ömrü əbədiyyətə qədər uzun olacaq.
Erməni işğalçıları Kərkicahanı da vəhşicəsinə dağıtmışdılar
Xankəndinin bizə olduqca doğma olan küçələrindən keçəndə yaraşıqlı bir tikilinin qarşısına "Qədim Kərkicahan" kafesi yazıldığını gördük. Naharı burada etməyi qərara aldıq. Küçə və meydanlarda olduğu kimi, burada da adam çox idi. Uzun yol gəlib yorulmuş insanlar bu məkanda oturub həm çörək yeyir, həm də dinclərini alırdılar. Yemək sifariş verib gözlədik. Kərkicahan qəsəbəsi uğrunda gedən döyüşlər haqqında kifayət qədər məlumatımız var idi. Azərbaycanlıların yaşadıqları bu qəsəbə ermənilərin işğal etdikləri ilk yaşayış məntəqələrindən biri olmuşdu.
Sifariş verdiyimiz yeməkləri masaya gətirən Mübariz Hətəmovla qısa tanışlıq zamanı öyrəndik ki, o, Bakı şəhərində dünyaya göz açsa da, valideynləri ermənilərin dağıdıb odlara qaladıqları Kərkicahandandır. Mübariz bir anlıq ötüb-keçənləri xatırlayaraq dedi ki, bu qəsəbənin adını ilk dəfə valideynlərinin dilindən eşidib. Onlar həmişə doğma ocaqlarının həsrətini çəkə-çəkə yaşayırdılar. Kərkicahanın işğaldan azad olunduğunu eşidəndə valideynləri elə seviniblər ki!.. Xankəndiyə gələndən bir müddət sonra gedib adını eşidib üzünü görmədiyi babalarının ruhu dolaşan qəsəbəni gəzib dolanıb. Doğrudan da, Kərkicahan çox gözəl, bənzərsiz bir yerdir. Amma təəssüflər olsun ki, erməni işğalçıları qəsəbəni vəhşicəsinə dağıtmışdılar. Dövlətimiz çox güclü və qüdrətlidir. İnanırıq ki, yaxın zamanlarda başqa şəhər və kəndlərimiz kimi Kərkicahan qəsəbəsi də yenidən qurulacaq.
Elə biz də böyük sevinc içində yaraşığı, bənzərsizliyi ilə qəlbimizə, ruhumuza yatan Xankəndi şəhərindən çıxıb əlçatmaz zirvədə yerləşən, gözəlliyi ilə dünyaya meydan oxuyan Şuşaya qalxırıq. Bizi qolları üstünə alıb, musiqi beşiyimiz olan Şuşaya qaldıran yollarda da bərpa və təmir işləri aparılırdı. Köhnə yolların yaxınlığından yenisi çəkilirdi. İşlər ləngimədən, səngimədən davam edirdi. Yolların geniş yerlərində maşınını saxlayan insanlar sevinc içində bu uca zirvələrdən Xənkəndiyə, Xocalıya, Əsgərana, Şuşanın kəndlərinə tamaşa edirdilər. Onların üzlərindən, gözlərindən hiss olunurdu ki, qarşılarında açılan bu gözəllikdən, bu füsunkarlıqdan doymurlar. Baxdıqca baxmaq istəyirlər.
Dolaylarına, döngələrinə heyran qaldığımız yollar on beş-iyirmi dəqiqədə bizi Şuşaya gətirib çıxarır. Ürəyimizdən, qəlbimizdən süzülüb gələn ən xoş sözlərlə gözəl şəhərimizə salam veririk, onunla asta-asta pıçıldaşırıq, danışırıq. Həmişəki kimi yenə də şəhərin küçələrində sıxlıqdır. Bayram günü olduğuna görə Şuşaya gələnlərin sayı əvvəlki vaxtlardan çox gözə dəyir. Turla gələn avtobuslar yolun kənarında bir-birinin ardınca düzülüb. Qonaqlar o qədər çoxdur ki, şəxsi avtomobilləri ilə gələnlər maşınlarını saxlamağa yer tapmaqda çətinlik çəkirlər. Bütün bunlar xalqımızın Şuşaya olan sevgisinin, məhəbbətinin göstəricisidir. Elə 44 günlük Vətən müharibəsində də, ondan sonrakı antiterror əməliyyatlarında da Zəfər bu sevgidən, bu məhəbbətdən doğdu.
Arzunun arzusu Şuşaya tez-tez gəlməkdir
Cıdır düzünə də, görkəmli Azərbaycan şairi, şeirləri, qəzəlləri poeziyamızın saf incisi hesab edilən Molla Pənah Vaqifin məqbərəsinə gedən yolda da sıxlıq müşahidə olunurdu. Amma bütün bunlara baxmayaraq, Cıdır düzünü də, Vaqifin möhtəşəm məqbərəsini də ziyarət etdik. Meşənin dərinliklərində, yaşıllıqlar qoynunda yerləşən İsa bulağına da baş çəkdik. Şuşanın harasında olduqsa, hara getdiksə, orada gözəl mənzərə ilə qarşılaşdıq. İsa bulağının qarşısında sanki insan seli dayanmışdı. Gələnlərin hamısı illərdən, əsrlərdən bəri qaynayıb coşan bu bulaqdan su içmək, hələ əlindəki qabları da doldurmaq istəyirdi.
Şuşanın Qala qapısının qarşısında da böyük canlanma var idi. Bu müqəddəs məkana gələnlərin hamısının üzü gülür, ürəyi açılırdı. Əlil arabasında ortayaşlı bir kişinin ziyarətə gəldiyini görəndə bir anlıq heyrət bizi bürüdü. Düşündük ki, deməli, onun da ürəyi zaman-zaman Şuşa həsrətiylə, Şuşa sevgisi ilə döyünüb. İllər uzunu Şuşanı görmək arzusu ilə yaşayıb. O günü, o anı səbirsizliklə gözləyib. İndi budur, arzusuna çatıb, istəyinə yetib, Qarabağın tacı olan şəhərin ziyarətinə gəlib.
Ziyarətçilərin arasında balaca bir qızcığazın da əlində tutduğu bayrağı yellədə-yellədə Qala divarının önündə qoyulmuş "Xarıbülbül" rəsminin yanında həvəslə şəkil çəkdirməsi diqqətimizdən yayınmadı. Tanış olanda öyrəndik ki, Arzu Bakı şəhər Tofiq Məmmədov adına 239 nömrəli orta məktəbin 4-cü sinfində oxuyur. Şuşaya ilk gəlişi olduğundan onun sevinci balaca ürəyinə sığmırdı. Gördüklərinin təəssüratlarını bizimlə bölüşən məktəbli qız dedi:
- Şuşanın şəkillərini həm dərslik, həm də oxuduğumuz başqa kitablarda, baxdığımız televiziya verilişlərində görürdüm. Amma istəyirdim ki, günlərin birində Şuşaya gedim, bu gözəl yerləri canlı-canlı görüm. Ən böyük istəyim isə Qala qapısının qarşısında üçrəngli bayrağımızı dalğalandıra-dalğalandıra şəkil çəkdirmək idi. Bu gün neçə vaxtdan bəri ürəyimdə gəzdirdiyim arzuma çatdım. Şuşanın ən gözəl yerlərini gəzdim. Cıdır düzündən, İsa bulağından, Qala qapısından, şəhərin küçələrindən, məscidlərindən, onu əhatə edən başıdumanlı dağlarından, meşələrindən çox xoşum gəldi. İnnən belə bu doğma yerlərə tez-tez gələcəyəm.
Şuşanı ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Böyük həvəslə şəhərə üz tutan insanlar elə həmin həvəslə də şəhərin ən görməli, gəzməli yerlərini ziyarət edirdilər. Gülməyən bir üz, sevinc süzülməyən bir göz görməmək mümkün deyildi. Sanki 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sevincə, təbəssümə, fərəhə çevrilərək insanların üzündə, gözündə parlaq şəkildə bərq vururdu. Qoy üzlərdən, gözlərdən Zəfər qoxulu sevinc, təbəssüm heç vaxt əskik olmasın.
Qarabağa həm ziyarətə, həm də yaşamağa gələn insanların üz-gözündən süzülən sevinci görəndə qürur hissləri keçirdik. Uzun illərin erməni işğalına son qoyan Zəfərdən sonra Qarabağda həyat yenidən başlayıb. Doğma ocaqlarımızda başlayan bu həyat isə hamımıza bol-bol sevinc bəxş edir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"