EN

Turizm kəndlərin əlavə imkanlarını üzə çıxarır

Son illər dünya miqyasında alternativ turizm növlərinə marağın artması kənd yerlərinin iqtisadi və sosial potensialını ön plana çıxarmışdır. Bu baxımdan, kənd turizmi yalnız bir istirahət növü deyil, həm də regional inkişafın, dayanıqlı iqtisadiyyatın və yerli icmaların sosial güclənməsinin əsas sütunlarından biri kimi qəbul edilir. 

Azərbaycanda da kənd turizmi son illər sürətlə inkişaf edir. Bir çox rayon və kəndlərdə artıq bu sahədə real təşəbbüslər həyata keçirilir. Hər cür şəraitlə təmin olunmuş kənd evləri qonaqlara təqdim olunur, yerli məhsullar turizm dəyəri qazanır, gözəl təbiətə malik meşəlik ərazilərdə ekoloji istirahət mərkəzləri qurulur və s.

Kənd turizminin mahiyyəti kəndin təbii, mədəni və sosial resurslarının turizm məqsədilə istifadəsidir. Lakin bu, sırf kommersiya fəaliyyətindən fərqli olaraq, daha çox yerli dəyərlərin qorunması, mədəni irsin qorunub saxlanılması, sadə həyat tərzinin nümayişi və insanla təbiət arasında harmoniyanın yaradılması üzərində qurulur. Azərbaycanda bu model xüsusilə Qəbələ, Şəki, Qax, Oğuz, İsmayıllı, Lerik, Lənkəran və Quba kimi rayonlarda özünü göstərməyə başlamışdır. Sözügedən bölgələrdə kənd evləri ailəvi şəkildə idarə olunur, qonaqlar yerli mətbəxlə tanış olur, eko-yürüşlər, yaylağa səfərlər, arıçılıq və toxuculuq kimi yerli peşələrlə bağlı təcrübələrdə iştirak edirlər. Beləliklə, kənd turizmi kənd həyatını turistik təcrübəyə çevirir.

Bu sahənin iqtisadi dəyəri isə təkcə fərdi gəlirlər səviyyəsində deyil, daha geniş iqtisadi müstəvidə özünü göstərir. Kənd turizmi kənd təsərrüfatı ilə birbaşa əlaqəlidir. Yerli əhali həm turistə evində yer ayırır, həm də məhsullarını təklif edir. Bununla kənd təsərrüfatı məhsulları üçün yeni bazar formalaşır və bu bazar həm sabit, həm də qiymət baxımından daha sərfəlidir. Turistin ödədiyi vəsait yalnız qida və yaşayışa görə deyil, eyni zamanda yerli məhsulun ekoloji təmizliyi, təbii dadı və hazırlanma üsuluna görə formalaşır. Bu, fermerlərə stimuldur: artıq məhsul yalnız bazar üçün yox, turistin süfrəsi üçün hazırlanır. Bu motivasiya kənd təsərrüfatında məhsuldarlığı artırır və məhsul keyfiyyətinə diqqəti yüksəldir.

Digər tərəfdən, kənd turizmi sosial strukturda mühüm dəyişikliklərə səbəb olur. Əvvəllər yalnız ev və ailə çərçivəsində fəaliyyət göstərən qadınlar indi bu sistemin mərkəzinə çevrilir. Qonaqları qarşılayan, süfrə açan, yerli yeməkləri təqdim edən, evin təmizliyinə cavabdeh olan qadınlar turizmin görünməyən dayaq sütunlarıdır. Bu fəaliyyətlər onlara həm iqtisadi müstəqillik qazandırır, həm də cəmiyyət içində sosial statuslarını artırır. Kənd turizmi qadınların ev ətrafı işini gəlirli və dəyərli fəaliyyətə çevirir. Bu, eyni zamanda gender bərabərliyinə xidmət edən mühüm sosial mexanizmdir.

Gənclər üçün isə kənd turizmi alternativ bir həyat tərzidir. Şəhərə köçməkdənsə, kənddə qalaraq turizm sahəsində fəaliyyət göstərmək onlar üçün həm maraqlı, həm də gəlirli bir seçimə çevrilir. Gənclər müasir texnologiyaları bu sahəyə tətbiq etməyə başlayır - sosial media vasitəsilə kəndlərinin tanıtımını aparır, onlayn bron sistemləri yaradır, turistlərə bələdçilik edir, ekoturlar təşkil edir, kənddə mini startaplar qururlar. Bu proses gəncləri kənd həyatına bağlayır və onların doğma məkanda özlərini reallaşdırmaq imkanlarını artırır.

Kənd turizmi yalnız fərdi rifahı deyil, ümumi regional inkişafı da stimullaşdırır. Turizmin inkişaf etdiyi kəndlərdə infrastruktur təkmilləşir, yollar çəkilir, su və kanalizasiya sistemləri bərpa olunur, internetləşmə sürətlənir. Bu da həm turistlərin rahatlığı, həm də yerli əhalinin yaşayış keyfiyyətinin yüksəlməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda kəndlərdə yeni sahibkarlıq növləri formalaşır: kənd restoranları, əl işləri, yerli suvenir satış nöqtələri, kəndiçi nəqliyyat xidməti, əyləncə və təlim proqramları kimi fəaliyyətlər ortaya çıxır. Beləliklə, kənd turizmi bir sahəni deyil, bir çox sahəni canlandırır - bu isə kəndlərin iqtisadi dövriyyəyə aktiv qoşulmasına səbəb olur.

Nəticə etibarilə kənd turizmi Azərbaycanda regional inkişafın yeni mərhələsinin xəbərçisidir. Bu sahənin səmərəli təşkili həm iqtisadi, həm sosial, həm də ekoloji baxımdan mühüm nəticələrə səbəb olur. Kəndin sadəliyi, təbiətin gözəlliyi, yerli icmanın səmimiliyi turizmə çevrildikcə, kəndlər təkcə yaşamaq üçün deyil, həm də yaşatmaq üçün məkanlara çevrilir. Bu isə Azərbaycanın davamlı inkişaf strategiyasında kənd turizminə verilən önəmin daha da artırılmasını zəruri edir. 

Artıq dünyanın bir çox ölkəsində kənd turizmi "yaşıl iqtisadiyyat", "ağıllı kənd", "eko-kənd" və "dijital kənd turizmi" kimi çağdaş konsepsiyalarla birgə inkişaf edir. Azərbaycan da bu trendlərə inteqrasiya etməklə öz kəndlərini rəqabətqabiliyyətli turizm mərkəzlərinə çevirmək imkanına malikdir. Gələcəkdə kəndlərimiz yalnız təbiət gözəlliyi və səmimi qonaqpərvərliyi ilə deyil, rəqəmsal texnologiyalarla təchiz olunmuş, ekoloji təmiz enerji ilə işləyən, yerli brendlər yaradan, turizm bazarına inteqrasiya olunmuş "ağıllı kəndlər" modeli ilə tanına bilər.

Gözləntilər ondan ibarətdir ki, qarşıdakı illərdə kənd turizmi yalnız fərdi təşəbbüslərlə deyil, kooperativlər və regionlar üzrə turizm marşrutları şəklində inkişaf etdiriləcək. Məsələn, Şəki-Qax-Zaqatala xətti üzrə balıqçılıq və dağ yürüşləri turizmi, Lənkəran-Lerik-Astara bölgəsində subtropik və çay plantasiyalarına əsaslanan turizm, Quba-Qusar istiqamətində isə meyvəçilik, xalçaçılıq və dağ kəndlərinin təcrübəsinə əsaslanan marşrutlar formalaşdırıla bilər. Bu cür tematik turlar həm iqtisadi baxımdan daha cəlbedici, həm də mədəni müxtəliflik baxımından daha zəngin olacaq.

Digər tərəfdən, kənd turizminin gələcəyi ekoloji baxımdan davamlı modellərə əsaslanmalıdır. Bu isə o deməkdir ki, turizm fəaliyyəti kəndin təbiətinə ziyan vurmadan, əksinə, onun qorunmasını təmin etməlidir. Məsələn, gələcəkdə "eko-kəndlər" layihələri genişlənə, günəş və külək enerjisi ilə işləyən evlər, təkrar emal sistemləri və kənd təsərrüfatı üsulları geniş tətbiq oluna bilər. Bununla kənd turizmi yalnız gəlir gətirmir, həm də ekoloji dəyərlərin daşıyıcısına çevrilir.

Bu sahənin uzunmüddətli və sistemli inkişafı üçün dövlət tərəfindən turizm qanunvericiliyinin təkmilləşdirilməsi, vergi güzəştləri, sahibkarlara sərfəli kreditlər, peşə hazırlığı və mentorluq proqramları, yerli və beynəlxalq təcrübə mübadiləsi təşviq olunmalıdır. Eyni zamanda kənd turizmi üzrə ixtisaslaşmış təhsil və sertifikat proqramlarının yaradılması, bu sahəyə gənc mütəxəssislərin cəlb edilməsi daha məqsədəuyğun olar.

Nəticə etibarilə kənd turizmi yalnız bir sahənin deyil, bütövlükdə kəndlərin inkişafıdır. Bu inkişaf isə həm insanın torpağa, təbiətə və köklərinə qayıdışı, həm də iqtisadi sistemin daha ədalətli, inklüziv və dayanıqlı bir modelə keçidi deməkdir. Azərbaycanın kəndləri yüzillərlə qoruyub saxladıqları dəyərlərlə artıq təkcə tarixin mirası deyil, onların həm də gələcəyin qurucusuna çevrilmək potensialları var.

Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Chosen
13
18
azerbaijan-news.az

10Sources